61 yaşlı unudulmayan sənətkar - FOTOLAR

16 İyul 2019 19:39 (UTC+04:00)

İlham Əsgərovun doğum günüdür

Elə sənətkarlar var ki, onları az qala hər gün görməyə adət edirsən.Yerişini, duruşunu, səsini, gülüşünü, hətta qəzəbini belə əzbərləyirsən. Onlar sanki sənin ailə üzvünə, doğma, əziz adamına çevrilirlər. Bəlkə də bu səbəbdən bir gün onları görməyəndə buna alışmaq, gedər gəlməzin yoxluğu ilə barışmaq çox ağır olur.

Haqqında yazdığım və düşündüyüm iki sənətkar kimi. Onların hər ikisi dünyaya iyulda gəlmişdi. Dünyadan köç etmələri isə iyula təsadüf etmədi. Biri apreldə, o biri isə sentyabrda həyatla vidalaşdı. Amma hər ikisi də eyni yaşda bu həyata, sevdiklərinə, sevənlərinə vida etdilər. Və taleyin qəribə, amansız təsadüfündən son mənzilləri də uzaqda oldu. Onları ziyarət etmək üçün Masallıya və Fatmayı kəndinə getməliyik. Bəlkə, ruhlarının doğmalığı bizlərin etibarını, sədaqətini sınamaq istədi. Görək kimlər gələcək, hər il bizləri kim yad edəcək? deyə...

Bu gün haqqında yazdığım iki sənətkardan birincisinin doğum günüdür.

İyulun 16-sı Xalq artisti, sevilən sənətkar, səsi və gülərüz siması hələdə gözlərimin önündən getməyən İlham Əsgərovun doğum günüdür.

Bu gün 61 yaşı tamam olur. Əgər yaşasaydı, gözəl ailəsini, dostlarını ətrafına toplayıb doğum gününü qeyd edəcəkdi. Amma təəssüf olsun ki, 4 ildir aramızda yoxdur. 4 ildir, İlham Əsgərovun vəfalı həyat yoldaşı, Yeganə xanım onun görüşünə getmək üçün səhər tezdən yola çıxır, uzun məsafəni qət edib, Masallının Xoşçobanlı kəndinə yola düşür. Əziz, sevimli İlhamını görmək, onun ruhu ilə dərdləşmək üçün soyuq başdaşına sığınır.

İlham Əsgərov və Yeganə xanımın biri-birinə qarşı duyduqları məhəbbəti, sevgini onları az-çox tanıyan hər kəs bilir. Yeganə xanım İlhamsız yaşadığı 4 ildə bir dəfə də olsa onun yoxluğundan doğan kədərini, İlhamdan sonra yaranan boşluğun faciəsini heç kəsə bildirməyib. Adı kimi gözəl, sevgi dolu xanımla bu gün də söhbət edəndə adama elə gəlir ki, İlham Əsgərov sağ-salamatdır. Sadəcə harasa gedib, bir gün qayıdıb gələcək...

Yeganə xanım sevimli həyat yoldaşı ilə bağlı bütün xatirələri göz bəbəyi kimi qoruyur. Əsgərovlar ailəsində İlham müəllim hələ də yaşayır və hər zaman da var olacaq. Yeganə xanımın yeganə balası Fidan isə atasının adını, fikirlərini hörmətlə, sevgi ilə yaşadır. Bu ailədə hər söhbət, hər fikir İlham Əsgərovun adı ilə bağlıdır. Yeganə xanım həyat yoldaşının şəxsi arxivinin üzərində əsir, hər fotoşəkili, hər sənədi əziz xatirə kimi qoruyub, saxlayır. Ötən gün Masallıya, sevimli İlhamının ziyarətinə yola düşən Yeganə xanım, İlham Əsgərovun heç yerdə dərc olunmayan bir neçə fotoşəkillərini mənə göndərdi. Bu qədər acıya, qüssə və kədərə baxmayaraq sözümü yerə salmadı. Sağ olsun ki, İlham Əsgərovun həyatından, sənətindən bir neçə anı, bir neçə dəqiqəni yenidən mənimlə bölüşdü. Bu fotolar tarixdir. Yaxın keçmişin qızıl tarixi. Gün gələcək ki, bu fotoları əl-əl gəzəcəklər.

16 iyul - İlham Əsgərovun dünyaya gəldiyi gündür.

İlham Əsgərovu mənə uşaqlıqdan sevdirən anam olub. Ona görə də İlham Əsgərov haqqında söhbət düşəndə - anamın sevimli aktyorudur deyirəm. Həqiqətən də anamın ən sevdiyi, dəyər verdiyi sənətkar İlham Əsgərovdur. Ona görə də onun ölüm xəbəri doğmalarından sonra ən çox bizə, xüsusilə də anama təsir etmişdi. Bu gün də İlham Əsgərovun iştirakı ilə tamaşalar nümayiş olunanda, verilişlər göstəriləndə anamın göz yaşları selə dönür.

Fotolara göz atıram. Uzaq illərin tamaşaları, ailə yadigarları burada yer alıb. Şəkillərdən birində İlham Əsgərovun Məcnun Hacıbəyovla fotosunu görürəm. Yeganə xanım danışır ki, İlham müəllim Məcnun Hacıbəyovu tez-tez yad edən, onun ziyarətinə gedən insan olub. Məcnun Hacıbəyov da, bunu unutmayıb. Bu günədək xatırlayır, İlhamlı günləri yana-yana yad edir. Bu gün isə İlham Əsgərovu bizlər xatırlayırıq. Xatirəsini yad edirik.

Haqqında çox yazıb, çox danışa bilərəm... Gözəl, yaraşıqlı insan. Ürəyə yol tapan sənətkar. Amma daha geniş fikirlərimi sonraya, Yeganə xanımla uzun, maraqlı söhbətimizə saxlayıram.

Anamın və çox anaların sevimli sənətkarı doğum günün mübarək. Ruhun şad, məkanın cənnət olsun.

Unudulmadın. Unudulmayacaqsan!