Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür

16 İyul 2019 17:19 (UTC+04:00)

İlham Əliyev: "Bütövlükdə, Azərbaycan jurnalistikası öz dövlətinə, xalqına, dövlətçiliyə bağlıdır"

Azərbaycan milli mətbuatının 144-cü ildönümü ərəfəsindəyik. Milli mətbuatın ölkəmizin ictimai-siyasi və mədəni həyatında yerini, vətəndaş cəmiyyətinin inkişafında, milli-mənəvi dəyərlərin təbliğində, gənc nəslin vətənpərvərlik tərbiyəsi sahəsində rolunu nəzərə alan dövlət başçısı İlham Əliyevin 2015-ci il iyunun 2-də imzaladığı Sərəncama əsasən, keçirilən tədbirlər, bir daha ölkəmizdə mətbuata verilən yüksək qiymətin növbəti təzahürüdür.
Məhz 140 il bundan əvvəl böyük maarifçi-publisist, ictimai xadim Həsən bəy Zərdabinin misilsiz səyləri ilə işıq üzü görmüş ilk milli qəzetimiz "Əkinçi" xalqa söz və qələmlə xidmət etməyin mükəmməl nümunəsini göstərmişdir. "Əkinçi" qəzeti maarifçilik ideyalarını özünə yenilməz bayraq etmiş ilk Azərbaycan mətbuat nümunəsi idi. Bu da səbəbsiz deyil. Belə ki, XIX əsrdə Azərbaycanda maarifçilik hərəkatının və maarifçilik ideya cərəyanının aparıcı qüvvələri, necə deyərlər, cərəyanın təməl daşını qoyanlar, məhz Mirzə Fətəli Axundzadə və Həsən bəy Zərdabi idi. Zərdabinin nəzərində maarifçilik cəmiyyətin tərəqqiyə doğru inkişafının, cəmiyyəti bütün bəlalardan xilas etməyin yeganə vasitəsi idi. O, anadilli mətbuatı milli mövcudluğu qoruyub-saxlamaq yolunda bir vasitə kimi görürdü.
Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası müxtəlif dövrlərdə ağır sınaqlara məruz qaldı, amma milli dilin yaşaması naminə hər çətinliyə dözdü və tutduğu şərəfli yoldan dönmədi.
"Heç olmaz ki, doğru söz yerdə qalsın" deyən Həsən bəy Zərdabi el-obanın zülmət içində boğulduğu bir vaxtda ona əl uzatmaq, onun yolunu elm, maarif çırağı ilə işıqlandırmaq, doğru yol göstərmək üçün "Əkinçi"ni yaratdı. "Əkinçi" Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu. 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi çıxan "Əkinçi" millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.
Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən "Ziya", "Kəşkül", "Şərqi-rus", "İrşad", "Molla Nəsrəddin" kimi qəzet və jurnallar "Əkinçi"nin ənənələrini davam etdirdi.
Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır.

Heydər Əliyev mətbuatın hamisi

Şübhəsiz ki, mətbuatımıza dövlət qayğısı, məhz 1970-80-ci illərdə özünün yüksək səviyyəsinə çatmışdı. Bu tendensiya Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə ali siyasi hakimiyyətə gəldiyi 1993-cü ildən sonra da davam etdi. 1995-ci il noyabrın 12-də - müstəqil dövlətimiz özünün ilk Konstitusiyasını qəbul etdikdən, yeni parlament seçildikdən sonra Ulu Öndər ölkədə teleradio yayımının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə yeni, müasir avadanlıqların alınmasına və quraşdırılmasına göstəriş verdi. Qafqazda, ilk olaraq, Azərbaycanda sovet dönəmindən qalan teleötürücü qurğular dəyişdirildi, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, söz, məlumat və fikir azadlığının təmin edilməsi sahəsində mühüm tədbirlər həyata keçirildi. Ümummilli Lider Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı ilə kütləvi informasiya vasitələri üzərində senzura ləğv olundu, bu sahənin inkişafını stimullaşdıran bir sıra zəruri tədbirlər həyata keçirildi. Bununla da, ölkəmizdə demokratik proseslərin inkişafına xüsusi önəm verildiyi bir daha təsdiqləndi. Ulu Öndər 27 mart 2000-ci ildə imzalanan "Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi" haqqında Fərmanla ölkəmizdə demokratik mətbuatın yaradılmasının 125 illiyi təntənəli şəkildə qeyd olundu. KİV-lərlə əlaqəni kəsməyən, daim jurnalistlərin yanında olan, mətbuatla işləmək mədəniyyəti nümunəsini göstərən Ulu Öndər Heydər Əliyev 2001-ci il dekabrın 18-də ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərlərini qəbul etdi, mətbuatın problemlərini müzakirə etdi. Həmin görüşdən sonra bəzi problemlər operativ həllini tapdı, qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad edildi, onlara kreditlər ayrıldı, mətbəələrə olan borcları "donduruldu". Dövlət başçısının mətbuata bu cür dost münasibəti jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi. Ulu Öndər Heydər Əliyev 2002-ci il martın 22-də "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" mükafatına layiq görüldü.

Müstəqil mətbuatın inkişafına xidmət edən LİDER

Ötən 16 ildə Azərbaycanda cəmiyyət həyatının bütün sahələri böyük inkişaf yolu keçib. Ölkəmiz demokratik inkişaf baxımından mühüm uğurlara imza atıb. Təbii ki, bu uğurlar mətbuatda da özünü göstərib. Azad sözə böyük önəm verən, bu sahədə Ulu Öndərin qoyduğu ənənələri davam etdirən Prezident İlham Əliyev mütəmadi olaraq mətbuat nümayəndələri ilə görüşür, onları dinləyir, KİV-in ölkənin həyatındakı rolu ilə bağlı tövsiyələr verir.
Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında KİV-lərinin inkişafına dövlət dəstəyi Konsepsiyasının" təsdiq edilməsi, bir il sonra, 3 aprel 2009-cu ildə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə atılan mühüm addımlar idi.
Dövlət başçısı milli mətbuatın yubileyi ilə bağlı ilk Sərəncamını 20 iyun 2005-ci ildə imzaladı, mətbuatımızın 130 illik yubileyi bütün ölkə miqyasında qeyd olundu. Prezidentin qərarı ilə 2005-ci ildə 30 qəzet redaksiyasının hər birinə 2 min manat, 2008-ci ildə 38 mətbuat orqanının hər birinə 5 min manat, 2009-cu ildə 39 qəzet redaksiyasının hərəsinə 10 min manat həcmində birdəfəlik yardım göstərilib. Ümumilikdə, 2005-2008-ci illərdə 300 nəfərə yaxın KİV əməkdaşı orden və medallarla təltif edilib, fəxri adlar alıb, Prezident təqaüdünə layiq görülüb.
Milli mətbuatımızın 135 illik yubileyi də böyük təntənə ilə qeyd edilib. Dövlət başçısının 21 iyul 2010-cu il tarixli Sərəncamı ilə 38 nəfər "Tərəqqi" medalı, 38 nəfər "Əməkdar jurnalist", 15 nəfər Əməkdar Mədəniyyət işçisi, bir nəfər Əməkdar mühəndis fəxri adına layiq görülüb. Üstəlik, 40 gündəlik qəzetin hər birinə 20 min manat, 8 informasiya agentliyinin hər birinə 10 min manat yardım göstərilib. Mətbuat Şurası üçün yeni binanın ayrılması, onun müasir avadanlıqla təmin edilməsi, Prezident İlham Əliyevin binanın açılışında iştirakı, jurnalistlər qarşısında çıxışı, bir daha bu həqiqəti təsdiq edib ki, azad mətbuatın inkişafı dövlət siyasətində prioritetdir. Prezident İlham Əliyevin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" Sərəncamı isə jurnalistlərə yeni əhvalı-ruhiyyə gətirib, böyük rəğbətlə qarşılanıb. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsaitin ayrılması mətbuat tariximizdə mühüm hadisə kimi dəyərləndirilib.
Bütün bunlar isə jurnalistləri növbəti dəfə də öz dostlarını seçməkdə çətinə salmayıb. 2010-cu il dekabrın 1-dən 20-dək "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatı qalibinin müəyyənləşdirilməsi ilə bağlı KİV və jurnalist təşkilatları arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə "Jurnalistlərin dostu" mükafatına layiq görülüb. Sorğuda iştirak edən KİV-lərin 81%-i Dövlət başçısını "Jurnalistlərin dostu" mükafatına ən layiqli namizəd hesab edib.
Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyul 2010-cu il tarixli "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" Sərəncamına uyğun olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Tam əminliklə demək olar ki, ən inkişaf etmiş demokratik ölkələrdə belə mətbuata, bu sahədə çalışanlara analoji diqqət və qayğıya təsadüf oluna bilməz. Haqlı olaraq bildirilir ki, mətbuat nümayəndələrinin sosial müdafiəsinin gücləndirilməsi dünyada analoqu olmayan addımdır. Qısa müddətdə inşa olunan binanın istifadəyə verilməsi mərasimində iştirak edərək jurnalistləri təbrik edib, sevincinə şərik olan Prezident İlham Əliyev bildirdi ki, ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın çox böyük rolu və xidmətləri vardır: "Bütövlükdə, Azərbaycan jurnalistikası öz dövlətinə, xalqına, dövlətçiliyə bağlıdır. Siyasi baxışlardan asılı olmayaraq, əksər hallarda dövlətin maraqları üstünlük təşkil edir. Dövlət isə öz tərəfindən jurnalistlərin fəaliyyətinə dəstəyini əsirgəməyəcək. Azərbaycanda azad mətbuatın davam etməsinə öz səylərini göstərəcəkdir. Beləliklə, bu sahə Azərbaycanda ən yüksək zirvələrə çatacaqdır."
2017-ci il iyulun 20-də isə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etdi, dövlətimizin başçısı, həmçinin, üçüncü binanın təməlini qoydu. Həmin gün Azərbaycan Prezidentinin Sərəncamı ilə üçüncü binanın tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 milyon manat ayrıldı. Dövlətimizin başçısının daha bir Sərəncamı ilə Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrıldı.
Bütün bunların nəticəsidir ki, Prezident İlham Əliyev 2017-ci ildə də "Jurnalistlərin dostu" mükafatına layiq görülüb.
Dövlətimizin başçısının mətbuata qayğısının daha bir təzahürü Azərbaycanda nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında Sərəncam imzalamasıdır. Bütün bunlar göstərir ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir.
Lakin bu uğurlara hələ də kölgə salmağa çalışan anti-Azərbaycan dairələr yenə də böhtanlarından qalmırlar. Ancaq həqiqət göz qabağındadır və bu qüvvələr nə qədər cəhd göstərsələr də, bütün planları iflasa məhkumdur. Çünki bu gün ölkəmizdə bütün sahələrdə həyata keçirilən uğurlu siyasətlə yanaşı, milli təəssübkeşlikdən çıxış edən, dövlətçiliyə və xalqa xidməti rəhbər tutan Azərbaycan mətbuatı onların qarşısında sarsılmaz sipərdir.
Beləliklə, bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan hakimiyyəti ölkədə söz və mətbuat azadlığının başlıca təminatçısıdır və bu sahədə həyata keçirilən islahatları demokratikləşmə prosesinin mühüm tərkib hissəsi kimi dəyərləndirir.

RƏFİQƏ KAMALQIZI