"Əminik ki, gənc idmançılarımız Festivalda uğurla çıxış edəcəklər" -Çingiz Hüseynzadə

16 İyul 2019 15:13 (UTC+04:00)

“Əminik ki, gənc idmançılarımız Avropa Gənclər Olimpiya Festivalında uğurla çıxış edəcəklər. Bu festivalın 14-18 yaşlı gənclər üçün keçirildiyini nəzərə alaraq Beynəlxalq və Avropa Olimpiya komitələri üç layihə həyata keçirir. Bunlardan biri - “Olimpiya mədəniyyəti və təhsil” proqramı Azərbaycan Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə uğurla reallaşdırılır”. SİA-nın məlumatına görə, bu fikirləri XV Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək idmançılar, məşqçilər və idman federasiyalarının nümayəndələri ilə görüş zamanı MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.

Qeyd olunub ki, festivalda 48 ölkədən 3900 atlet idmanın on növü üzrə mübarizə aparacaq. Azərbaycanı “Bakı 2019”da 122 idmançı təmsil edəcək. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil edirlər. Azərbaycan bu idman növlərinin hər biri üzrə 18 nəfərlə təmsil olunacaq. Bundan başqa, cüdo yarışlarında 12, bədii gimnastikada 4, velosiped idmanında 6, tennis 4, üzgüçülük yarışlarında 6 idmançımız mübarizə aparacaq. Komanda idman növlərində isə voleybol və basketbol yığmalarımızın hər birinin heyətinə 12 idmançı daxil edilib. Oğlanlardan və qızlardan ibarət həndbol komandalarımızda isə ümumilikdə 30 oyunçu yer alıb.