“Keşikçidağ”da təxribat xarakterli hərəkətlər yolverilməzdir" RƏY - ÖZƏL

16 İyul 2019 12:08 (UTC+04:00)

“Azərbaycanla Gürcüstanı uzun müddətli strateji əlaqələr bağlayır. Ölkəmiz ümumiyyətlə regionda, həm Cənubi Qafqaz, həm daha geniş ərazidə mühüm geostrateji, geosiyasi, geoiqtisadi rola malik olan,özündə böyük siyasi iqtisadi məsuliyyəti cəmləyən bir ölkədir. Bu baxımdan Azərbaycan bütün hallarda özünü bu rolda düzgün aparır ki, bu da qonşularımız üçün bir örnək olmalıdır”. Bu fikirləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

O bildirib ki, “Keşikçidağ” məbədi ətrafında təxribat xarakterli hərəkətlər yolverilməzdir. Ekspert söyləyib ki, Azərbaycan əsgərinə, sərhədçisinə onun apardığı xidmətə heç kim xələl gətirə bilməz.

T.Vahabov qeyd edib ki, Azərbaycan dövləti özünün regionda məsuliyyətini hiss edərək onlara qarşı zor tətbiq etməməsi qarşı tərəfin silahsız olmasına dəlalət edir: “Lakin Gürcüstan tərəfindən atılan addımlar narazılıqla qarşılanır və onların addımlarının ağır nəticələrə gətirib çıxara biləcəyi diqqətə çatdırılır”.

Ekspert vurğulayıb ki, ümumilikdə baş verənlər iki ölkə arasında əlaqələrə xələl gətirə bilməz: “ Hər hansı xırda activist və ya populist qüvvələr ölkələr arasında müttəfiqlik əlaqələrinə ziyan vura bilməz. Bu, həm Gürcüstan, həm də Azərbaycan üçün vacib məsələdir”.