"Azərbaycan üçün ən önəmlisi maraqlarımızın tam şəkildə əks olunduğu sazişin əldə olunmasıdır"

15 İyul 2019 22:03 (UTC+04:00)

Azərbaycan xarici siyasətində Avropa İttifaqı (Aİ) ilə münasibətlərə böyük önəm verir. Ölkəmiz Avropa İttifaqının bir çox proqramlarında fəal iştirak edir və mühüm tərəfdaş kimi qəbul olunur. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın geostrateji mövqeyi Avropa İttifaqına üzv olan dövlətlərin ölkəyə marağını daha da artırır.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Bakıya səfəri və Prezident İlham Əliyevlə görüşü Azərbaycan-Avropa İttifaqı münasibətlərinə bir daha öz müsbət töhfəsini verdi. Təsadüfi deyil ki, Azərbaycanı çox nadir ölkə kimi səciyyələndirən Avropa İttifaqının rəhbəri ölkəmizin həm Şərq, həm də Qərblə əlaqələrini yüksək qiymətləndirir.

Tam əminliklə demək olar ki, bu gün Avropa İttifaqının Azərbaycanla münasibətləri uğurla inkişaf edir. Tərəflər arasında keçirilən çoxsaylı görüşlər gələcək əməkdaşlığa hesablanıb. Bu da istər Azərbaycanın, istərsə də Avropanın maraqlarına tam uyğundur.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında intensivləşən münasibətlərdən danışarkən ikitərəfli yüksək səviyyəli səfərlər mübadiləsinə də xüsusi yer ayrılmalıdır: "Bu, çox önəmlidir. Çünki bu kimi səfərlərin reallaşması tərəfdaşlığın və əməkdaşlığın daha da irəli aparılmasına xüsusi töhfə verir. Bu səfərlərdən biri məhz bu həftə - Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun ölkəmizə səfəri çərçivəsində reallaşıb".

L.Abdullayeva qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə aparılan danışıqlar da öz səmərəli nəticəsini verəcək: "Bu xüsusda qeyd etmək istərdim ki, Azərbaycan üçün ən önəmlisi bizim maraqlarımızın tam şəkildə əks olunduğu bir sazişin əldə olunmasıdır. Bu baxımdan, vaxt amili önəmli deyil, ən vacib məqam həmin sazişin mahiyyətidir. Təbii ki, danışıqlarda sazişin böyük hissəsi razılaşdırılıb və yaxın gələcəkdə hər iki tərəfin maraqlarına cavab verən bir sazişin imzalanacağına ümid edirik".