Təbiətin sirli möcüzəsi olan Quba

15 İyul 2019 19:10 (UTC+04:00)

Əsrarəngizliyi ilə cəlb edən məkana cari ilin 6 ayında gələn turistlərin sayı 25926 nəfər olub

Odlar diyarı Azərbaycanın misilsiz gözəlliklər diyarı, zəngin təbiət muzeyi kimi tanınması əlbəttə ki, ilin bütün fəsillərində zirvəsinin qarla örtülü, zəngin və nadir ovalıqları, təkrarolunmaz gözəlliyə malik gölləri, çayları və bulaqlarının olması ilə səciyyəvidir. Deyirlər ki, dünyanın möcüzəli məkanının yeraltı aləmi tükənməz xəzinə, yerüstü isə canlı muzeydir. Yer üzündəki 11 iqlim qurşağının 9-u əgər Azərbaycandadırsa, demək, bu məkanın dəyəri heç nə ilə ölçüyə gələ bilməz. Əfsanəvi İpək Yolu üzərində yerləşən Azərbaycan bütün zamanlarda hər bir qonağa açıq ölkə olub. Gözəl mənzərələri ilə tanınan Odlar yurdu qədim və müasirliyi ilə seçilən bir məkan kimi yer üzündə tanınır. Ölkəmizin hər bir diyarı əsrarəngiz gözəlliyi ilə seçirir. Hər bir bölgənin özünəməxsusluğu, cazibəliyi var. Elə Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, Qudyalçayın sahilində yerləşən Quba kimi. Əbəs deyil ki, bu rayon turistlərin ən sevimli yerlərindən birinə çevrilib. Mətbəxi, ənənəvi yaşayış tərzinə sadiqliyi, ailə dəyərləri, koloriti və əsl Şərq mühiti ilə fərqlənən Quba turizm potensialı ilə fərqli və zəngindir. Qubaya gələn turistlər rayonun tarix və mədəniyyət abidələrinə biganə qala bilmirlər. Əlbəttə ki, son illər ölkəmizin hər bir yerində olduğu kimi, Quba rayonunda da yaradılmış infrastruktur turizmin inkişafına təkan vermişdir. Kənd yollarının yenidən qurulması turizmin inkişafı deməkdir. Rustov-Xanəgah-Girdəh, Rustov-Növdün-Şuduq, Rustov-Məcgə xacə, Rustov-Baxçalı-Yekdar avtomobil yolunun istifadəyə verilməsi yeni turizm istiqamətinin açılmasına səbəb olmuşdur.

DÜNYADA ANALOQU OLMAYAN UNİKAL MƏKAN - XINALIQ

Qubaya gələn qonaqlar, ilk növbədə, dağların qoynundakı Xınalıq kəndinə, Allahın möcüzəsi kimi qələmə verilən bu dyiara getməyi arzulayırlar. Axı bu unikal yaşayış məskəninin dünyada analoqu yoxdur. Xınalığı açıq səma altında muzeyə də bənzədirlər. Rayon mərkəzindən 58 kilometr məsafədə, dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən bu kənd - özünəməxsusluğu ilə marağa səbəb olur. Hündürlüyü 75-80 metrə çatan əzəmətli "Afurca şəlaləsi"nə də üz tutanların sayı çoxdur. Şəlaləni görmək istəyənlər məşhur "Təngə dərəsi"ndən də keçməli olurlar. Xınalıq kəndində Qudyalçay üzərindəki Tağlı körpü, eləcə də, Avropanın ən uca dağ kəndi sayılan IX əsrə aid Atəşpərəstlər məbədi mühafizə olunur.

Xınalıq qoruq elan edildiyi üçün burada yeni binaların tikintisi qadağandır. Bu gün Xınalığa çoxlu turist gəlir. Əcnəbiləri daha çox maraqlandıran Xınalıq dilidir. Yerli adət və ənənələri qoruyan Xınalıq camaatının danışdığı dil heç bir dil ailəsinə mənsub deyil. Hər il yenidən bura gələn almanlar, hollandlar, fransızlar və amerikalılar Xınalıq dilini öyrənməyə cəhd edirlər. Rəvayətlərə görə xınalıqlılar Nuh peyğəmbərin danışdığı dildə danışırlar. Xınalıqlılar özləri də bunu inkar etmir. Bir neçə alim-dilşünas Xınalıq dilinin tədqiqi ilə məşğul olmuş və nəticədə, Xınalıq dili haqqında bir neçə elmi kitab nəşr olunmuşdur. Xınalıq dilinin hansı dil qrupuna aid edilməsi barəsində illər boyu mübahisələr gedib.

MEMARLIQ ABİDƏLƏRİ İLƏ ZƏNGİN OLAN QUBA

Turistlərin Qubadakı təbiət abidələrinə də marağı böyükdür. Rayon ərazisində 60-dan çox təbiət abidəsi mövcuddur. "Xan bulağı", "Ağacda ev", "Atəşgah", "Cəfər dərəsi", "Minarə", "Xaşı istisuyu", "Sona bulağı" kimi təbiət abidələrinə maraq çoxdur. Memarlıq abidələrindən Ağbil türbələri, Alpan kəndində Subaba türbəsi, Birinci Nügədi kəndində məscid və minarə, Hacı Cəfər və Cümə məscidləri, Gümbəzli hamam vardır. Bundan başqa, Rustov kəndində "Ələmu" adlı qala və tarixi məsciddə yerləşir.

Bu abidələr sırasında XIX əsrə aid Səkinəxanım məscidi də var. XIX əsrə aid bu məscidin spesifik xüsusiyyəti qadın adı daşımasıdır. Məscid öz monumentallığı ilə insanları heyrətə gətirir. Doqquz günbəzli məscid binasının hündürlüyü 27 metrdir. O, qırmızı kərpicdən tikilib və tilli silindri xatırladır. Sovet dövründə burada anbar və tikiş sexi yerləşib. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra məscid bərpa edilib və yenidən dini ibadətgah kimi istifadəyə verilib.

AVANQARD VƏ MODERN MEMARLIQ ÜSLUBLARININ SİNTEZİ ƏSASINDA İNŞA EDİLƏN TİKİLİLƏR

Bu gün Qubada müasir istirahət mərkəzləri, otellər inşa olunub və bəziləri bərpa və təmir edilib. Qudyalçayın sahilində inşa olunmuş "Rixos Quba Azərbaycan" oteli maraqlı memarlıq üslubunda tikilmişdir. Avanqard və modern memarlıq üslublarının sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunmuşdur. Turistlərin Heydər Əliyev Beynəlxalq Aeroportundan "Rixos Quba Azərbaycan" otelinə çatdırılması üçün özəl VİP servis və helikopter xidməti göstərilir. Dünya standartlarına cavab verən mərkəzlərdən biri Quba Olimpiya Kompleksidir ki, burada müasir səviyyəli idman zalları inşa edilib. Böyük futbol, mini-futbol, basketbol, voleybol, tennis, üzgüçülük meydançaları var. Kompleksdə qonaqlara Avropa standartlarına cavab verən şəkildə xidmət olunur. "Nazlı bulaq" İstirahət Mərkəzi, "Məst Dərgah" İstirahət Mərkəzi, "Bərpa SPA" Mərkəzi, "Oskar" oteli və digər mərkəzlər müasir standartlara cavab verir.

AZƏRBAYCANDA MULTİKULTURALİZM VƏ TOLERANTLIQ ƏNƏNƏLƏRİNİN MÖVCUDLUĞUNUN NÜMUNƏSİ - QIRMIZI QƏSƏBƏ

Qubada, həmçinin, dünya yəhudilərinin ən böyük icmalarından birinin yaşadığı məşhur Qırmızı Qəsəbə yerləşir. Qeyd edək ki, ümumiyyətlə, Quba çoxmillətli rayondur, burada 20-dən artıq azsaylı xalq yaşayır. Onların 79 faizini azərbaycanlılar, 9 faizini tatlar, 6 faizini ləzgilər, 1,8 faizini yəhudilər, 1,4 faizini türklər, 1,4 faizini xınalıqlılar və 1,2 faizini digər xalqların nümayəndələri təşkil edir. Qubadakı Qırmızı Qəsəbədə çayın bir sahilində sinaqoqlar, o biri sahilində məscidlər fəaliyyət göstərir. Bu fakt Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin mövcudluğunun sübutudur.

Bu kəndin sakinləri, əsasən, ticarətlə məşğul olurlar. Kəndin əhalisi öz dili ilə ayrıca etnoqrafik qrup təşkil edir. Şəhərin kənarında, Qudyalçayın sağ sahilində yerləşən bu qəsəbənin yəhudi sakinləri özlərini "cuqur" adlandırırlar. Onlara, həmçinin, dağ yəhudiləri deyilir. Qəsəbədə 13 sinaqoq var, lakin indi onların ikisi fəaliyyət göstərir. Yəhudilərin köçürülmələri zamanı burada 360 ev, 1200-1500 sakin vardı. Bu gün isə Qırmızı Qəsəbədə təxminən 4-5 min yəhudi yaşayır.

Quba yəhudiləri bu əraziyə köçürülmələrinə görə Hüseynəli xana və Fətəli xana borcludurlar. Mənbələrdə qeyd olunur ki, yəhudilərin buraya köçü Nadir şahın hakimiyyəti dövründə (1736-1747) baş verib. Qubanın fəthindən sonra Nadir şahla birgə gələn yəhudilər Qələdüz və Küpçal kəndləri arasındakı ərazidə yerləşdirilib. Yəhudi ağsaqqalları icmanın təhlükəsizliyini təmin etmək xahişi ilə Hüseynəli xanın sarayına (xanın yay sarayı indi "Günbəzli hamam" deyilən yerdə olub) gediblər. Xan onlara indiki Qırmızı Qəsəbənin yuxarı hissəsində yer verib. Yəhudiləri gecə talanları və qəfil hücumlardan qorumaq üçün 1765-ci ildə Fətəli xan onları bu gün yaşadıqları əraziyə köçürüb.

QUBADA TOXUNAN "ÇİÇİ", "QIMIL", "CİMİ" KİMİ XALÇALARI DÜNYANIN BİR SIRA MUZEYLƏRİNİN VƏ ŞƏXSİ KOLLEKSİYALARININ BƏZƏYİDİR

Azərbaycanın şimal-şərqində yerləşən Quba Xalça Mərkəzi üç hissəyə-dağlıq, dağətəyi və ovalıq hissələrə bölünür. Dağlıq hissəyə - Qonaqkənd, Xaşı, Cimi, Afurca, Yerfi, Buduq, Qırız, Cek, Salmasöyüd kəndlərində mərkəzləşmiş məntəqələri aid etmək olar. Dağətəyi hissədə xalça istehsalı - Əmirxanlı, Əlixanlı, Xəlfələr, Pirəmsan, Bilici, Şahnəzərli, Pirəbədil, Zeyvə, Zöhrami, Sumaqobaq, Xırdagül-çiçi, Sırt-çiçi, Dərə-çiçi məktəbləri, Ovalıq hissədə isə Şabran aran zonasında Çay Qaraqaşlı, Hacı Qaraqaşlı, Süsənli, Qaraqaşlı, Dəvəçi, Mollakamallı və s. kəndlərdə mərkəzləşib. Bu məktəbə, həmçinin də, Dərbənd ərazisində toxunan xalçalar da daxildir. Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılmışdır. Quba xalçalarının ən parlaq kompozisiyaları "Qədim-Minarə", "Qımıl", "Alpan", "Qollu-çiçi", "Pirəbədil", "Hacıqayıb", "Qırız", "Cek" və s.-dir. Bu zonada toxunan "Çiçi", "Qımıl", "Cimi" kimi xalçaları dünyanın bir sıra muzeylərinin və şəxsi kolleksiyalarını bəzəyidir. Bildiyimiz kimi, bu gün "Azərxalça" ASC-nin Quba filialı fəaliyyət göstərir. Burada 150 toxucu və 12 inzibati-təsərrüfat işçisi çalışır. Burada 43 dəzgahda əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində hazırlanmış tarixi və orijinal çeşnilər əsasında xalçaların toxunmasına üstünlük verilir. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında "Azərxalça"nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.

TARİXİ SİMALARIN ADI ƏBƏDİLƏŞİB

Deyilənə görə, Nizaminin şərəfinə adlandırılan Nizami Parkını 1946-cı ildə alman əsirləri salıb. Parkın ərazisi yaşıllığa bürünüb, ağacların kölgəsində fəvvarələr şırıldayır. Parkda Azərbaycanın dahi şairi Nizami Gəncəvinin abidəsi ucaldılıb. Abidənin ətrafında xiyaban boyu Nizaminin əsərlərindən səhnələri əks etdirən barelyeflər qoyulub.

Nizami adına Parkda hamının diqqətini cəlb edən tikili Quba Şahmat Məktəbinin binasıdır. Beş il əvvəl inşa olunmuş binada şahmatçıların hazırlanması üçün hər cür şərait yaradılıb, yarış zalında eyni vaxtda 350-dək şahmatçı mübarizə apara bilər. Parkda turistləri tez-tez görmək olar. Xiyabandan pilləkənlə Qudyalçay üzərindəki qədim Tağlı körpüyə enmək mümkündür. Pilləkən boyu qızıl suyuna çəkilmiş müxtəlif heykəllər qoyulub. Bu piyada körpüsü xiyabanı dağ yəhudilərinin yaşadığı Qırmızı Qəsəbə ilə birləşdirir.

Hərbi tərcüməçi, diplomat, rus ordusunun zabiti olmuş ilk azərbaycanlı Abbasqulu ağa Bakıxanov bu məkanın yetirməsidir. Ensiklopedik biliklərə malik alim Quba qəzasının Amsar kəndində boya-başa çatıb. Beş tarixi-ədəbi əsərin, eləcə də, "Gülüstani-İrəm"in müəllifidir. Müəllif 1841-ci ildə fars dilində yazdığı, 1843-cü ildə rus dilinə tərcümə etdiyi bu əsərdə "Gülüstan" sülh müqaviləsinə qədər Azərbaycan tarixini əks etdirib. Qubada, Ərdəbil küçəsi, 93 ünvanında yerləşən XIX əsrə aid binada - vaxtilə Bakıxanovların yaşadıqları evdə A.Bakıxanov adına Tarix-Diyarşünaslıq Muzeyi yaradılıb. Ümumi sahəsi 742 kvadratmetr olan muzeydə 10 mindən çox müxtəlif eksponat qorunur. Hər il muzeyə 3000-dən çox turist gəlir. Burada "Muzeydə bahar" adlı aksiya, habelə, "Açıq qapı" günü keçirilir. Amsar kəndində isə A.Bakıxanovun Ev-Muzeyi yerləşir.

Belə bir mənzərəli, tarixi ilə seçilən Qubanı seyr etməmək, oranın görməli yerlərindən maraqlı məlumatlar toplamamaq mümkün deyildir. İnsanı təbiət yaratdığından öz sərvətlərini də ondan əsirgəməmişdir. Hər bir iqlim qurşağının təbii gözəlliyini sadalamaq insana nə qədər xoşdursa, Azərbaycan məkanlarında olub, onun görməli yerlərinin ab-havasını duymaq da, o qədər xoşdur. Təbiəti Tanrı sanki sənət əsəri yaradıb hər lövhəsində rəngarənglik var. Bu gözəlliyi duymaq və görmək üçün Qubaya gələn turistlərin sayı ilbəil artır. Statistik məlumatlar əsaslanaraq deyə blərik ki, cari ilin 6 ayında Qubaya gələn turistlərin sayı 25926 nəfər olub. 14112 nəfər Azərbaycanlı, 11814 nəfər əcnəbi dincəlmək üçün Qubanı seçib. Əcnəbilər sırasında Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistan, Pakistan, İsrail, Oman, Kuveyt və Rusiyadan olan turistlər var. Bu statistik rəqəm, artıq çox məqamı demiş olur. Bizlər isə təbiətin bizə bəxş etdiyi bu gözəlliyi qorumalı, onu gələcək nəsillərə yötürməliyik.

Nəzakət ƏLƏDDİNQIZI