“Heydər Əliyev gənclərin düşüncəsində – 50 il” Lerikdə müzakirələr

15 İyul 2019 17:36 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu çərçivəsində Lerikdə “Heydər Əliyev gənclərin düşüncəsində - 50 il” mövzusunda müzakirə aparılıb. SİA xəbər verir ki, Milli Məclisin deputatları Sevinc Hüseynova, İqbal Məmmədov, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov, partiyanın məsul əməkdaşı Araz Xudadanov və başqaları çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən, gələcəyə hesablanmış inkişaf strategiyasından geniş söhbət açıblar. Bildirilib ki, ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və sabahının əsasıdır. Bu ideyalar müstəqil Azərbaycanımıza bir-birindən əhəmiyyətli uğurlar qazandırır.

Müzakirələr zamanı vurğulanıb ki, gənclərə diqqət və qayğı ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə fəaliyyətinin əsas istiqaməti olub. Hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünən ümummilli lider Heydər Əliyev gənclərin keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almasının təşəbbüsçüsü olub. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə də gənclərə diqqət və qayğı dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilib.

Çıxış edən gənclər də ulu öndər Heydər Əliyevin ideyalarından və müasir dövlət quruculuğundan danışaraq, onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər.