Aksiyalar Ermənistanda səngimək bilmir

15 İyul 2019 15:37 (UTC+04:00)

Etiraz aksiyası iştirakçıları yenidən Yerevan-Sevan avtomobil yolunu bağlayıblar. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Sevan gölünün ərazisindəki obyektlərin sahibləri Qeqarkunik vilayətinin qubernatoru Qnel Sanosyan və Sevan icmasının rəhbəri Sarkis Muradyanla bir qədər əvvəl baş tutan görüşdən sonra İrəvan-Sevan avtomobil yolunu bağlayıblar.

Məlumatda qeyd olunur ki, indi onlar Gaqarin-İrəvan yolunun qarşısını almaq niyyətindədirlər.
Qeyd edək ki, etiraz aksiyasının gedişində ehtiraslar bir qədər də artıb, aksiya iştirakçıları, nümayişçilər arasında mübahisə yaranıb və polisin müdaxiləsindən sonra bir qədər sakitləşib.
Maraqlıdır, aksiyanın iştirakçıları hələ də gölün suyunun üzgüçülük üçün təhlükəsiz olduğunu, hər gün göldə üzdüklərini və heç bir problemin yaranmadığını iddia edirlər. Onlar hesab edirlər ki, Sevan ətrafındakı söz-söhbətlər şişirdilir və bu da turist axını mövsümündə digər istirahət zonası sahiblərinin şəxsi biznes maraqlarını təmin etmək üçündür.
"Krediti biz almışıq və heç kim bizim vəziyyətimizi təsəvvürünə belə gətirmir. Gölün suyunun toksiki olduğu barəd söz-söhbəti kim başlayıb? Biz banklara borcluyuq və burada yol kəsmək istəmirik. Səhər saatlarından nazirlərin gəlməsini gözləyirik. Amma onlar gəlmirlər. Bu bütün millətin məsələsidir”, deyə nümayişçilərdən biri şikayətlənib.
Digər bir aksiya iştirakçısı isə deyib ki, əgər gölün suyu toksikidirsə, qoy müvafiq orqanlar karantin elan etsinlər.
“Biz tələb edirik ki, qoy onlar gəlsinlər, göldə üzsünlər və başa düşsünlər, bilsinlər ki, gölün suyu təmizdir. Antitəbliğat ötən ildən başlayıb və burada məsələ pulda deyil. Biz heç kimdən pul istəmirik və yalnız deyirik ki, bizə işləməyə oimkan verin”, deyə o bildirib.
Etiraz aksiyası iştirakçılarının bildirdiyinə görə, Qeqarkunik vilayətinin qubernatoru onlara kömək edə bilməz, yalnız şəxsən onlara qatıla və şəxsən Sevan gölündə üzə bilər.