"Harda Azərbaycan adı eşitsək, dərhal Heydər Əliyev yada düşür" ÖZƏL-MÜNASİBƏT

15 İyul 2019 12:38 (UTC+04:00)

“Ümummilli Lider Heydər Əliyev, çox böyük tarixi şəxsiyyət, böyük dövlət xadimi və siyasətçi olduğu qədər də çox şanslı insan idi. Ona görə ki, az adam var ki, onun adı xalqının adı ilə assosasiya olunur. Heydər Əliyev belə nadir tarixi şəxsiyyətlərdəndir”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

“Biz harda Azərbaycan adı eşitsək, dərhal Heydər Əliyev yada düşür, harda Heydər Əliyev deyilsə mütləq Azərbaycan yada düşür. Bu gün azərbaycançılıq, Azərbaycan deyəndə hər bir azərbaycanlı Ulu Öndərimizin bu sözünü xatırlayır ki, “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu fikir hər bir azərbaycanlının qəlbini riqqətə gətirir. Bütövlükdə isə Onun siyasi fəaliyyətini qiymətləndirməyə cəhd etsək, əlbəttə ki, bizim buna gücümüz çatmaz. Amma hər halda müəyyən strateji nüanslara mütləq toxunmaq lazımdır. Heydər Əliyev siyasətinin davam etdiyi bu 50 illik siyasi tarix dövrünü dövlətçilik tariximizin bu inkişaf və tərəqqi mərhələsini 50+2 formatı ilə təhlil etsək daha düzgün qənatə gələ bilərik. Çünki 1967-ci ildə artıq böyük dövlət xadimi Heydər Əliyev Azərbaycanın Milli Təhlükəsizlik Komitəsinə sədr təyin olunmuşdu.

Düşünürəm ki, Onun siyasi fəaliyyətinin üfüqlərinin bu qədər geniş olması, siyasi fəaliyyətində bu qədər səmərəli olması həm də 1967-69-cu illərdə məhz təhlükəsizlik orqanlarında göstərdiyi fəaliyyətlə bağlıdır. Heydər Əliyev iki il ərzində ilk növbədə Azərbaycanın təhlükəsizlik orqanlarını Azərbaycanlaşdırdı və oradakı kadrları milliləşdirməyi bacardı. Nəticədə onun tammiqyaslı siyasi fəaliyyəti üçün mümkün maneə perspektivləri aradan qaldırıldı. Sonrakı mərhələdə Heydər Əliyev özünün dövlətçilik konsepsiyasını Azərbaycanda tətbiq etməyə başladı və nəticə bu gün gördüyümüz qüdrətli, inkişaf edən müstəqil Azərbaycandır”, - deyə, H.Babaoğlu fikrini tamamlayıb.