"Filmin ssenarisi üzərində üç ildən çox çalışmışam" - Rejissor

15 İyul 2019 10:59 (UTC+04:00)

“Azərbaycan kino tarixində ilk dəfə yerli istehsal olan “Şollerin arxivi” bədii filmi ABŞ-ın “The Green Mountain Christian” Film Festivalıda nominasiya alıb. Festival rəhbərləri filminə baxdıqdan sonra Azərbaycan haqqında daha da maraqlandılar və bizim yeni filmlərimizi də istədilər. Biz də “100 il şərəfli ömür” filmini ilk baxış üçün festivala göndərdik. Festival oktyabrın 18-19-da ABŞ-da yerləşən “Baptist Fellowship” kilsəsində keçiriləcək. Birincilik uğrunda iki film mübarizəyə qatılacaq”. SİA-nın məlumatın agörə, bu fikirləri “100 il şərəfli ömür” filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov bildirib. Rejissor əlavə eidb ki, filmin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir: “Hacı Zeynalabdin Tağıyev harada yaşamasından asılı olmayaraq soydaşlarının imdadına çatıb, Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması, kütləvi savadsızlığın aradan qaldırılması, ölkədə iqtisadiyyatın hərtərəfli inkişafının təmin olunması, habelə milli kadrların hazırlanması üçün zəruri tarixi missiya həyata keçirib. Hələ Bakı Dövlət Universitetdə oxuduğum illərdən başlayaraq, bu görkəmli sahibkar və xeyriyyəçi haqqında çoxlu məlumatlar əldə etmişdim, bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığmışdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sənədlər, kitablar, fotoşəkillər mənim sənədli filmimin qəhrəmanına çevriləcək”.

Rejissor əlavə edib ki, ekran əsərinin gələcəkdə müxtəlif beynəlxalq festivallarda nümayişi haqqında da düşünür: "Ekran əsəri vasitəsilə azərbaycanlı milyonçunun ötən əsrin əvvəllərində xalqının inkişafı naminə gördüyü çoxsaylı işləri geniş auditoriyaya çatdırmaq bizim üçün faydalıdır. Bu, insanları faydalı işlər görməyə, gənc nəsildə vətənpərvərlik hisslərini daha da yüksəltməyə hesablanmış bir addımdır".

Ssenarisi üzərində üç ildən çoxdur işlədiyini söyləyən rejissor həm tələbəlik illərində, həm də sonradan əldə etdiyi məlumatların onda əminlik yaratdığını vurğulayıb: “Elə bu məqsədlə 36 dəqiqəlik bədii-sənədli filmdə əsas kadrların 30 faizini o dövrdəki köhnə kadrlar təşkil edir. Bu kadrlar Almaniyadan əldə olunub və Rusiyanın Sankt-Peterburq şəhərində yenidən canlandırılıb. Bütün bunlar əsasən beynəlxalq festivallar üçün nəzərdə tutulub. Ekran əsərində Hacı Zeynalabdin Tağıyevin Stalinlə görüşlərindən Nobel qardaşlarının ən böyük rəqiblərindən birinin Hacı Zeynalabdin olmasına baxmayaraq, ata Nobelin Hacıya böyük hörmətindən, Hacının reallaşdırdığı bütün xeyriyyə işlərində Nobel qardaşlarının iştirakından söhbət açılır. Həmçinin Hacının Musa Nağıyevlə dostluğuna da filmdə xüsusi yer ayrılıb. Ekran əsərində Bakıda XX əsrin əvvəllərində baş verən tarixi hadisələrə də toxunulur".