"Ulu Öndər Heydər Əliyev siyasəti əbədiyaşardır"

12 İyul 2019 19:14 (UTC+04:00)

Bu mövzuda YAP Masallı rayon təşkilatı konfrans keçirib

Dünən YAP Masallı rayon təşkilatı Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illik yubileyi münasibəti ilə "Ulu Öndər Heydər Əliyev siyasəti əbədiyaşardır" mövzusunda konfrans keçirib.

Konfransı giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi möhtəşəm 50 ilə toxunaraq bildirib ki, bu gün dünyada elə bir xalq tapmaq olmaz ki, tarixin taleyüklü və mürəkkəb mərhələsində onun taleyində müstəsna rol oynamış, dövlətçilik ənənələri formalaşdırmış milli lideri olmasın: "Bu mənada, Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan istisnasız olaraq daim irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibaha can atan, hər addımda insan və şəxsiyyət amilini uca tutan ölkə kimi görünür. Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində müstəqil Azərbaycanın xarici siyasətində etibarlı tərəfdaşlıq və sabitlik mərkəzi kimi çıxış edən, iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, "dövlət-vətəndaş" birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrilib".

S.Əliyev çıxışında qeyd edib ki, Azərbaycanı dirçəltmək, bütün sahələrdə öncül olmaq milli Öndərimiz Heydər Əliyevin taleyinə yazılmışdı: "Yalnız böyük şəxsiyyətlərə məxsus olan keyfiyyətlərin Ulu Öndər Heydər Əliyevdə cəmləşməsinin nəticəsi idi ki, çox qısa bir zaman kəsiyində, Azərbaycan keçmiş İttifaqa daxil olan respublikaların hamısının həsəd apara biləcəyi sıçrayışla tərəqqiyə nail oldu. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan 1993-cü ildən sonrakı on il ərzində böyük və şərəfli yol keçdi. 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi yaddaşlarda və tarixdə qaldı. Bu illər ərzində

dövlətçiliyin əsasları qoyuldu. Azərbaycan özünü dünya birliyinə təqdim etdi. Beynəlxalq əlaqələr inkişaf etdi. Dünya xəritəsində Azərbaycan özünə layiq yer tutdu. Nəhəng sosial və iqtisadi islahatlar uğurla aparıldı. Azərbaycan bir neçə beynəlxalq təşkilata üzv oldu. Ölkəmizə böyük həcmdə investisiyalar cəlb edildi. Azərbaycan belə bir möhkəm zəmin əsasında bu gün də inkişaf edir. Böyük iftixar hissi ilə qeyd edə bilərik ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən Ümummilli Liderimizin siyasi kursu uğurla davam etdirilir. Bu siyasətə sədaqətlilik Azərbaycan xalqında parlaq gələcəyə inamını daha da artırıb".

Heydər Əliyev Mərkəzi ərazi ilk partiya təşkilatının sədri Dilbər İbayeva, şura üzvləri Sevil Qəhrəmanova, Hikmət Xəlilov, Mahmudavar ərazi ilk partiya təşkilatının sədri Cəmaləddin Ağayev və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən və ölkəmizin dünya birliyində layiqli yer tutmasından söz açıblar.

RƏFİQƏ HÜSEYNOVA