"Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun canlı mənzərəsidir"

11 İyul 2019 17:22 (UTC+04:00)

“Azərbaycan xalqı tarix boyu çox dahilər yetişdirib. Tarixdə hər birinin öz yeri olan dahi şəxsiyyətlərimizin misilsiz xidmətləri fəxr və qürur istinadgahımızdır. Onların xidmətləri tarixə hopub və həmişə, hər yerdə qiymətləndirilir. Lakin milli dühalarımızın heç biri Ümummilli Lider səviyyəsinə çata bilməmişdir. Bu ucalıq yalnız yalnız Heydər Əliyevə məxsusdur. XX əsr Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti olan Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir”. Bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

N.Məhəməliyev bildirib ki, Heydər Əliyev elə şəxsiyyətlərdəndir ki, keçdiyi həyat yoluna nəzər yetirdikdə xalqımızın dünəni, bu günü, sabahı aydın görünür. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası Azərbaycanın ən yeni tarixin də məhz onun adı və şəxsiyyəti ilə bağlıdır: “Heydər Əliyev sovet rejiminin ideoloji məsələlərə xüsusi həssaslıqla yanaşdığı vaxtlarda Azərbaycanın milli maraqları üçün mümkün olan bütün işləri gördü. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, Azərbaycanda böyük iqtisadi, elmi və ədəbi mədəni inkişafa, müstəqil düşüncəyə yol açdı. Qısa zaman kəsiyində Azərbaycan İttifaq tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik olan respublikaya çevrildi. Onun rəhbərliyi ilə XX əsrin 70-ci illərindən elə bir tarixi bünövrə yaradıldı ki, onun möhkəm dayaqları üzərində gələcəkdə müstəqil Azərbaycanın qurulması, Azərbaycanın tamamilə yeni tarixinin əsasının qoyulması labüd idi. Həqiqətən də, sovet dönəmində xalqımızın dahi oğlunun Azərbaycan üçün gördüyü bütün işlər böyük gələcəyə hesablanmışdı və bu potensial müstəqillik illərində ölkəmizin başlıca dayaqlarını təşkil etdi”.
Millət vəkili qeyd edib ki, müstəqillik dövründə də Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişini Azərbaycanda intibahın başlanğıcı kimi səciyyələndirmək olar. Təsadüfi deyil ki, 1993-cü il də Azərbaycan dağılmaq, parçalanmaq təhlükəsi qarşısında qalanda, qardaş qanı axıdılanda, xalq öz böyük oğluna üz tutdu. 1993- cü ilin iyun ayında Heydər Əliyev Naxçıvandan Bakıya xalqın səsinə səs verib gəldi. Çünki yaranmış vəziyyətdən çıxış arayan xalq nicat yolunu yalnız Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasında görürdü; ölkədəki hərc-mərcliyi, itaətsizliyi, anarxiyanı, siyasi çəkişmələri, Gəncədə başlanmış qardaş qırğınını, hərbi xəyanəti, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünü yalnız o böyük insan aradan qaldıra bilərdi. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi parlamentdə təmsil olunan siyasi dairələrin məhz Ulu öndərin xilaskarlıq missiyasına olan ümid və inamlarının göstəricisi idi. Beləliklə, Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlişi və 6 gün sonra Ali Sovetin Sədri seçilməsi ilə müasir tariximizdə yeni mərhələnin başlanğıcı qoyuldu. Çünki bununla ilk növbədə Azərbaycan müstəqil dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən və parçalanmaqdan qurtuldu. Heydər Əliyev şəxsiyyətinin miqyası, nəhəngliyi və əzəməti tarixin onun öhdəsinə buraxdığı tale yüklü məsələnin həllini həyata keçirmək qüdrətini nümayiş etdirdi və Azərbaycanın tarixində xilaskar lider adını daşımaq şərəfi məhz ona qismət oldu.
“Azərbaycan dövlətçiliyi sonrakı illərdə də ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, sabaha inamını özünə qaytardı. Ölkəmiz xaosdan xilas oldu, sabitlik və əmin-amanlıq yarandı, tənəzzülə son qoyuldu, hər bir sahədə inkişaf meyilləri görünməyə başladı. Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə qoca Qafqazın bu bölgəsində yeni bir siyasi dövr, yeni təfəkkür mərhələsi başlandı. Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi adlamasına əsaslı təminat yaratdı. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə nail olduğumuz Milli Qurtuluşdan başlanan yüksəliş qısa zamanda bütün sahələrdə özünü göstərdi. Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci il 27 iyun tarixli qərarı ilə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı gününü rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edib. Çünki Azərbaycanın işıqlı gələcəyinin təməli qoyulduğu 15 İyun haqlı olaraq qurtuluş, xalqımızın fəlakətlərdən xilas olub qüdrətli bir dövlətin bünövrəsinin qoyulduğu gün kimi ən müasir tariximizə qızıl hərflərlə yazılıb. Milli Qurtuluş Gününü qədir bilən xalqımız hər zaman əziz və qiymətli tutur, hər il böyük sevinc və fərəh hissi ilə qeyd edir. Bu müqəddəs günü tarixə yazan isə Ümummilli lider Heydər Əliyevdir. Bu gün respublikamız müstəqil dövlət olaraq mətinliklə irəliləyir, inkişaf edir, güclənir. Ulu öndərin siyasi kursu, yaratdığı dövlətçilik ənənələri onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilir. Bunun nəticəsidir ki, qazandığı uğurlarla Azərbaycan regionda aparıcı, dünyada isə söz sahibi olan dövlətə çevrilib. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən 16 ilə yaxın dövr ərzində Azərbaycan çox mühüm keyfiyyət dəyişiklikləri yaşayıb: ölkə kompleks inkişaf edib, beynəlxalq nüfuzu artıb, maliyyə imkanları çoxalıb, insanların sosial rifahı yüksəlib. Cənab İlham Əliyev Azərbaycanı Heydər Əliyevin arzuladığı bir səviyyəyə çatdırıb, Heydər Əliyevin görmək istədiyi ölkəyə çevirib.
Ən əsası odur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət hər addımda Azərbaycanın dövlət müstəqilliyinin dayaqlarını daha da möhkəmləndirib, əbədi, sarsılmaz və dönməz edib”-deyə, N.Məhəməliyev vurğulayıb.

yap.org.az