Hakimiyyət və vəzifə naminə ermənilər susdurulur

11 İyul 2019 14:39 (UTC+04:00)

Zöhrab Mnasakanyan öz tabeçiliyində olanlara sosial şəbəkələrdə hər hansı bir fəaliyyət göstərməsini qadağan edib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Jamanak” qəzetinda yazı dərc edilib.

Yazıda xüsusilə qeyd olunur ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyan ümumiyyətlə ictimai fəaliyyətlə hər hansı formada məşğul olmağa qadağa qoyub. Qəzet yazır ki, Mnasakanyanın diqqət mərkəzində xüsusilə onun öz yaş qrupunda olanlardır və Ermənistanın xarici işlər naziri həmin şəxslərin onun yerinə namizəd hesab oluna biləcəyindən şübhələnir və ehtiyatlanır. Bir sözlə, işğalçı dövlətin xarici işlər naziri öz kreslosuna, ələ keçirdiyi postuna görə narahatdır və buna görə də belə bir qadağa qoyub.
Göründüyü kimi, Ermənistanda heç bir demokratiyadan, fikir, söz, məlumat azadlığından söhbət belə gedə bilməz və həmişə olduğu kimi, hal-hazırda da hakimiyyət, vəzifə naminə ermənilər susdurulur.