Natəmiz və qida üçün yararsız olan ət aşkarlanıb

11 İyul 2019 13:20 (UTC+04:00)

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir. Növbəti belə tədbirlər iyulun 10-da və 11-də Daxili İşlər Nazirliyi əməkdaşlarının və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Ağdam və Ağdaş rayonları ərazilərində keçirilib.

DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ağdam rayonu ərazisində Ağcabədi rayon sakini A.Nəsibovun idarə etdiyi “VAZ-21074” markalı avtomobilə baxış zamanı natəmiz vəziyyətdə və qida üçün yararsız olan 175 kiloqram, Ağdaş rayonu ərazisində isə Mingəçevir şəhər sakini M.Mehdiyevin idarə etdiyi “QAZ-3110” markalı avtomobilə baxış zamanı mənşəyi məlum olmayan 200 kiloqram ət məhsulu aşkar edilərək götürülüb.

Ətlərdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.