UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının bağlanışı münasibətilə ziyafət təşkil olunub

10 İyul 2019 22:00 (UTC+04:00)

İyulun 10-da UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının bağlanışı münasibətilə ziyafət təşkil olunub.

SİA xəbər verir ki, ziyafətdə Azərbaycanın milli rəqsləri, mahnıları, eləcə də dünya musiqi nömrələri səsləndirilib.

Qeyd edək ki, iyunun 30-dan iyulun 10-dək ölkəmiz UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edib. Bu tədbir UNESKO ilə ölkəmiz arasında tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir.

Bakı sessiyasında 2500-ə yaxın nümayəndə iştirak edib. Sessiyada 29 nominasiya UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib. Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi də bu siyahıda yer alıb. Bunlardan 24-ü mədəni, 4-ü təbii və 1-i qarışıq nominasiya idi. Bununla da Dünya İrs Siyahısında qorunan mədəni irs nümunələrinin sayı 1121-ə çatıb. Burada qəbul edilən qərarlar dünya mədəni irsinin qorunmasına, gələcək nəsillərə çatdırılmasına töhfə verəcək.