28 sahibkara 476 min manat güzəştli kredit verilib

9 İyul 2019 17:07 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun iyulun 9-da İsmayıllıda keçirdiyi işgüzar forumda Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 28 sahibkara 476 min manat güzəştli kredit verilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, kreditlər əsasən, heyvandarlıq, bağçılıq, üzümçülük və sair sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 30-dan çox iş yerinin açılması mümkün olacaq.

Forumda İsmayıllı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, arıçılıq, intensiv bağçılıq və bitkiçilik təsərrüfatlarının, ət kəsimi və satışı məntəqəsinin, süd emalı müəssisəsinin, otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi investisiya layihələri və metodiki materiallar paylanıb.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında dövlətimizin başçısının sosial-iqtisadi siyasətinə uyğun olaraq, özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri, Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığın inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə gördüyü işlər barədə məlumat verib. Qeyd edib ki, bu ilin ötən dövründə 545 sahibkarın ümumi dəyəri 182 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 50,1 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2000-dək iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə isə, bugünkü forumda verilən kreditlər də daxil olmaqla indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1969 investisiya layihəsinin maliyyələşdirilməsinə 73,4 milyon manat güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində İsmayıllıda güzəştli kredit ayrılmış müalicə-turizm kompleksində aparılan işlərə və heyvandarlıq kompleksinə baxış keçirilib.