"Heydər Əliyev gənclərə daim diqqət və qayğı ilə yanaşıb" - Açıqlama

27 İyun 2019 16:27 (UTC+04:00)

"Heydər Əliyev gənclərə daim diqqət və qayğı ilə yanaşıb. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan Ulu Öndər bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verib. Müxtəlif qurumlarda, dövlət idarələrində, ölkə həyatının siyasi, iqtisadi, digər sahələrində gənclərin fəal iştirakını təmin edib". SİA-nın məlumatına görə, bu fikirləri Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib.

Nazir əlavə edib ki, Heydər Əliyev mədəniyyətimizə və milli irsimizə, xüsusilə, həssas və qayğıkeş münasibət bəsləyib: "Mədəni-mənəvi dəyərlərin qorunması, təbliği üçün mümkün olan hər şeyi edib. Bu gün mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyevin qayğısından bəhrələnməsin. Musiqimiz, teatrımız, kino sənətimiz, təsviri sənətimiz, xalça sənətimiz, mədəniyyətimizin bütün sahələri bugünkü inkişafında Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnib”.

Nazir əlavə edib ki, müasir dövrümüzdə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, gənclər siyasəti dövlətin əsas prioritet istiqamətlərindən biridir. Nazirin sölərinə görə, Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində gənclərin iştirakının gerçəkləşdirilməsi, eyni zamanda, onlara dövlət qayğısının artırılmasını təmin etmək məqsədilə Sərəncamlar imzalayıb.