"Son illər turizm sahəsində kifayət qədər işlər görülüb" - Açıqlama

27 İyun 2019 15:55 (UTC+04:00)

Bu gün Bakıda Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının ilk assambleyası keçirilib. SİA-nın məlumatın agörə, tədbirdə Azərbaycan Turizm assosiasiyalarının strukturu, məqsəd və missiyası, üzvlüyə namizəd standartları məsələlərinə toxunulub.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Turizm Agentlikləri Assosiasiyasının fəaliyyətə başlamasının formalaşan turizm sənayesinin inkişafı istiqamətində atılan vacib addımlardan biri olduğunu qeyd edib.

O bildirib ki, agentlik turizmin ölkə iqtisadiyyatının prioritet sahələrindən birinə çevrilməsi üçün çalışır: "Son illərdə bu sahədə kifayət qədər işlər görülüb. Ancaq bu sahədə sualların mövcud olması da məlumdur. Turizm özü kompleks xidmət sahəsidir və inkişafı da xidmət sferasının xidmətindən, inkişaf səviyyəsindən asılıdır. İnanırıq ki, assosiasiyanın gördüyü işlər bu sahənin nümayəndələrini bir araya toplayan güclü platforma rolunu oynayacaq".