AMEA-nın iclasında maraqlı məruzə dinlənilib

27 İyun 2019 13:26 (UTC+04:00)

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. SİA xəbər verir ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyibli “Azərbaycanda arxeoloji tədqiqatlar: nailiyyətlər və perspektivlər” adlı məruzə ilə çıxış edib.

Azərbaycanın qədim tarixinin öyrənilməsində arxeoloji tədqiqatların əhəmiyyətindən danışan alim əsas məqsədin bu istiqamətdə aparılan araşdırmaları müasir elmi tələblər səviyyəsinə çatdırmaq olduğunu bildirib.

Direktor müavini qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin arxeologiya elminin inkişafı ilə əlaqədar imzaladığı sərəncamlar əsasında son on ildə institut işğal edilmiş ərazilər istisna edilməklə bütün bölgələrdə genişmiqyaslı tədqiqatlar aparıb, elmə məlum olmayan yüzlərlə abidələri aşkara çıxarıb. Ötən müddətdə həyata keçirilən arxeoloji tədqiqatlardan danışan məruzəçi vurğulayıb ki, Mingəçevir su anbarı ətrafında aparılan araşdırmalar zamanı 1 milyon ildən artıq yaşı olan daş alətlər tapılıb, bununla da ilk dəfə olaraq bu vaxta qədər yalnız Qarabağdakı Azıx mağara düşərgəsində təmsil olunan “Quruçay” arxeoloji mədəniyyətinin daha geniş arealda yayıldığı müəyyənləşdirilən bu mədəniyyət beynəlxalq elmdə qəbul edilib. İlk dəfə olaraq Qax və Zaqatala rayonları ərazisində yaşı 450-500 min il olan mağara tipli ibtidai insan düşərgələri məlum olub.

Tədbirdə beynəlxalq elmi səciyyə daşıyan istiqamətlərdən biri olan Xalkolit/Eneolit dövrünə aid Leylatəpə arxeoloji mədəniyyət abidələrinin tədqiqindən bəhs edən natiq söyləyib ki, bu araşdırma o dövrdə Azərbaycan ərazisindəki cəmiyyətlərin Şimali Mesopatomiya-Şərqi Anadolunun qədim sivilizasiyaları ilə eyni mədəni ənənələr mühitində inkişaf etdiyini göstərir.

Məruzəçinin sözlərinə görə, “Böyük İpək yolu” beynəlxalq ticarət yolları üzərində yerləşən son Antik və Orta əsr Azərbaycan şəhərlərində aparılmış arxeoloji qazıntılar zamanı Çin, Hindistan, Orta Asiya, İran istehsalı olan çoxsaylı tapıntılar – məişət və bəzək əşyalarının aşkar edilməsi tarixi “Böyük İpək yolu” ticarətində Azərbaycanın fəal iştirakçı olduğunu sübut edir.

Arxeologiyanın multidissiplinar tədqiqatların aparılması üçün geniş imkanlar yaratdığını deyən N.Müseyibli bu elm sahəsinin geologiya, kimya, botanika, zoologiya kimi dəqiq elmlərlə vəhdətdə inkişaf edəcəyini söyləyib: “Arxeoloji qazıntılar zamanı abidənin yerləşdiyi sahənin və aşkar edilmiş daş alətlərin, bir sıra mineralların geoloji xüsusiyyətlərinin araşdırılmasında geoloq mütəxəssislərin bilik və təcrübəsindən istifadə etmək lazım gəlir. Bütün bunlar, arxeoloji abidələrə təsir göstərən təbii-fiziki prosesləri tədqiq edən “geoarxeologiya” adlı multidissiplinar istiqamətin yaranmasına səbəb olmuşdur”. Sonra bildirilib ki, paleobotanik araşdırmalar əsasında arxeoloji abidənin əmələ gəldiyi qədim dövrün müəyyən mərhələsində bölgənin bitki örtüyü və iqlimi barədə informasiya əldə edilir, paleozooloji tədqiqatlar arxeoloji mərhələdə yayılmış heyvan növlərini müəyyən edir, paleoantropoloji tədqiqatlar imkan verir ki, insan sümüklərilə qida rasionu, keçirdikləri xəstəliklər, ölüm səbəbləri öyrənilsin. Bundan əlavə, qədim insanların kəllə sümükləri əsasında onların antropoloji tipi müəyyənləşdirilir ki, bu da etnogenez tarixinin tədqiqi üçün mühüm əhəmiyyət kəsb edir.

Sonra mövzu ətrafında digərləri çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Məruzə Rəyasət Heyətinin qərarı ilə bəyənilib. Qərarda arxeoloji abidələrin müxtəlif mülkiyyət formalarına məxsus olan torpaqlarda yerləşməsini nəzərə alaraq, elmi tədqiqat işlərinin idarəetmə sisteminin təkmilləşdirməsi məqsədi ilə ölkə ərazisində mövcud olan arxeoloji abidələrin xəritələrinin tərtibi və elektron məlumat bazasının hazırlanması, arxeoloji ekspedisiyaların müasir tələblərə cavab verən istiqamətlər¬də aparılması məqsədi ilə aşkar olunan maddi mədəniyyət nümunələrinin müxtəlif elmlərin kəsişməsində arxiometrik tədqiqinin həyata keçirilməsi, Qarabağın Antik və Orta əsrlər dövrü abidələrinin arxeoloji tədqiqinə xüsusi diqqət yetirilməsi, institutun elmi tədqiqat planında 2020-ci ildən etibarən müasir elmi tələblərə uyğun mövzuların müəyyənləşdirilərək layihələr şəklində həyata keçirilməsi məsələləri yer alır. Bundan başqa, “fiziki antropologiya” ixtisasının inkişaf etdirilməsi məqsədi ilə müştərək elmi layihələr çərçivəsində beynəlxalq elmi mərkəzlərdə gənc kadrların hazırlanması yönündə müvafiq tədbirlər görülməsi, multidissiplinar tədqiqatların genişləndirilməsi məqsədi ilə AMEA-nın uyğun institutları və xarici ölkələrin elmi qurumları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması, ali təhsil müəssisələrində “arxeologiya” ixtisasının lazımi səviyyədə tədrisinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə müvafiq tədbirlər görülməsi, arxeologiya sahəsində elmi tədqiqatların təbliği və populyarlaşdırılması işinin gücləndirilməsi, arxeoloji tədqiqatlar zamanı müəyyən edilmiş maddi mədəniyyətin, Azərbaycan xalqının məişət və mənəvi mədəniyyətinin tarixi köklərinin öyrənilməsi və tarixi ənənəviliyin aşkar edilməsi istiqamətində müvafiq araşdırmaların aparılması və digər məsələlər qərarda öz əksini tapır.