"Bu gün Azərbaycana inam və etibar var" ÖZƏL -MÜNASİBƏT

27 İyun 2019 11:08 (UTC+04:00)

"Ümumiyyətlə Azərbaycan dünyada həm siyasi, həm də iqtisadi cəhətdən stabil bir dövlət kimi tanınır. İkincisi, Azərbaycan dünya dövlətləri arasında sosial dialoqun, mədəniyyətlərarası dialoqun qurulmasında, birgə tədbirlərin həyata keçirilməsində tərəfdaş ölkə kimi formalaşıb. Buna həm bizim maddi-texniki bazamız imkan verir, həm də bizim beynəlxalq münasibətlərdə əldə etdiyimiz uğurlar imkan verir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

YAP GB sədrinin sözlərinə görə, bu gün artıq Azərbaycana inam və etibar var: "Çünki ölkəmizdə beynəlxalq tədbirlərin həyata keçirilməsi texniki olaraq çox böyük bir zaman tələb edən prosesdir. Bunun siyasi tərəfi isə odur ki, o icazələri almaq, həmin o insanlara səsvermə nəticəsində tədbirin Azərbaycanda keçirilməsinə inandırmağın özü belə böyük iş tələb edir. Çünki həmin tədbiri təşkil etmək istəyən dövlətlərin gərək şəxsi nüfuzları olsun. Burada cənab Prezident İlham Əliyevin şəxsi nüfuzu birmənalı rol oynayır. Vaxt var idi ki, Azərbaycan lokal tədbirləri həyata keçirməkdə çətinlik çəkirdi. Amma bu gün Azərbaycan dünyanın ən böyük təşkilatı olan BMT ilə ASAN Xidmətin birgə forumunu təşkil etdi. YUNESKO-nun Azərbaycandakı tədbirinin keçirilməsi isə birbaşa Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın beynəlxalq aləmdə mədəni hisslərin qorunması ilə bağlı həyata keçirmiş olduğu tədbirlərin nəticəsidir. Məhz Mehriban xanım Əliyevanın nüfuzu sayəsində Azərbaycanda bu tədbir keçirilir".