Dağıdıcı müxalifəti təlaşlandıran nədir?

25 İyun 2019 17:29 (UTC+04:00)


Həyata keçirilən inqilabi islahatlar radikal düşərgəni bitirib

Yenə də dağıdıcı müxalifət təlaş içindədəir. Bəs onları təlaşlandıran nədir? Son günlər dağıdıcı düşərgənin əsas müzakirə mövzusu Azərbaycan hakimiyyətinin 2019-cu ilin əvvəllərindən start verdiyi genişmiqyaslı islahatlar dalğasınını, ardıcıl olaraq, davam etdirilməsidir. Onlar Prezident İlham Əliyevin atdığı addımlara kölgə salmağa, məsələlərin mahiyyətini təhrif etməyə çalışırlar. İddia edirlər ki, Azərbaycan hakimiyyətinin atdığı ardıcıl olaraq, inqilabi islahatlar, guya "Milli Şura"nın yanvarın 19-da keçirdiyi mitinqin nəticəsidir. Gülünc və səviyyəsiz düşüncə…

Təəccüblü deyil...

Çünki dağıdıcı müxalifətin anladığı budur. Baxın, dağıdıcı müxalifət deyir ki, Azərbaycanda infrastruktur bərbad vəziyyətdədir. Konstruktiv müxalifət isə, dağıdıcı müxalifəti başa salır ki, ətrafa baxsınlar. Yeniləşən Azərbaycanda aparılan tikinti-quruculuq işlərini-binalar, yollar, parklar və s... radikallara sübut kimi göstərirlər. Lakin dağıdıcı müxalifət bunu görmək istəmir. İsa Qəmbər, Arif Hacılı və Əli Kərimli iddia edirlər ki, onlar Azərbaycan müxalifətinin və tarixinin ən böyük "lider"ləridir. Konstruktiv müxalifət isə, deyir ki, İ.Qəmbər, A.Hacılı və Ə.Kərimli isə vətən xaini və erməni əlaltılarıdır.
Radikallar deyir ki, Azərbaycanda azad mətbuat yoxdur. Lakin bu, bir faktdır ki, dövlətimiz daima həm iqtidar, həm də müxalifət qəzetlərinə diqqət və qayğı göstərmişdir. Bu da, təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə həm də müxalifət qəzetlərinə birdəfəlik maddi yardımlar olundu. Konstruktiv müxalifət dövlətimizin hazırkı siyasətini, ölkə Prezidentinin siyasi kursunu, həyata keçirdiyi uğurlu layihələri dəstəkləyir və yeri gələndə, təkliflər verir. Radikallar isə, buna da qeyri-obyektiv "libas" geydirirlər.
Beləliklə, dağıdıcı müxalifət Azərbaycanda nəyi görmək istəmirsə, onu ifadə etməyə çalışır. Elə buna görə də, hər şeyə qara yaxır, məkrli niyyətlərindən əl çəkmirlər. Azərbaycan xalqı isə dağıdıcı müxalifəti çoxdan arxivə atıb.

Siyavuş Novruzov: "Hökumətin bütün sahələrdəki problemləri diqqətdə saxlaması müxalifəti əndişələndirir"


Çıxılmaz vəziyyətə düşəndə, müxalifət mitinqlərə əl atır və hökumətin atdığı addımları öz adına çıxarmağa çalışır.
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, müxalifət nümayəndələri mitinqlərdə xalqa yanlış məlumatlar verirlər: "Prezident İlham Əliyev ötən ilin aprelində - prezident seçkiləri dövründə görüləcək işlərin proqramını açıqlayıb. Seçki platformasında ölkədə həyata keçiriləcək islahatlar əksini tapmışdı. Prezident seçkilərində iştirak edən namizədlərin, Milli Məclisin deputatlarının təklifləri sistemləşdirilərək nəzərə alınır. Azərbaycan hökumətinin ümumi strateji proqramı var ki, burada regionların inkişafı ilə yanaşı, beynəlxalq əlaqələrin də inkişaf etdirilməsi nəzərə alınıb. Bilirsiniz ki, Prezident İlham Əliyevin sərəncamları ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Sosial Tədqiqatlar Mərkəzi yaradılıb. Bu, ona görədir ki, cəmiyyətdən gələn təkliflər təhlil edilsin və nəzərə alınsın. Dövlət başçısı regionlarda keçirilən görüşlərdə insanların problemləri ilə maraqlanır. Bu problemlərin hər biri həll edilir. Regionlarda binaların dam örtüklərinin dəyişdirilməsi, içməli su ilə bağlı problemlərin aradan qaldırılması, məktəblərin, bağçaların tikilməsi, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin açılması kimi təkliflər nəzərə alınır və bu işlərin həyata keçirilməsi üçün vəsait ayrılır. Əmək pensiyalarının, minimum əməkhaqqının, tələbələrin təqaüdünün artırılması 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuşdu. Yəni prezident seçkilərindən sonra proqrama daxil edilmişdi, ona görə də, 2019-cu ilin dövlət büdcəsində öz əksini tapdı. Şəhid vərəsələrinə 11 min manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı narazılıqlar nəzarətə götürülmüşdü. Bu məsələ araşdırıldı və həll edildi".
Millət vəkili vurğulayıb ki, özünü müxalifət adlandıran bəzi qüvvələr, erməni lobbisindən vəsait alanlar, xaricdə oturub blogerlik edənlər Azərbaycanda aparılan uğurlu islahatlara kölgə salmağa cəhd edirlər: "Onlar bu islahatları öz adlarına çıxırlar. Deyirlər ki, "Biz çıxış etdik, dedik, hökumət addımlar atdı". İddia edirlər ki, guya hökumət yanvarın 19-da keçirilən mitinqdən qorxduğuna görə bu addımları atır. Bir daha qeyd edirəm ki, hökumətin atdığı addımlar ötən il 2019-cu ilin dövlət büdcəsi müzakirə olunan zaman nəzərə alınmışdı. Onlar xalqı aldadaraq, öz tərəflərinə çəkməyə çalışırlar. Deyirlər ki, mitinqə çox insan gələrsə, əməkhaqqı daha çox artar. Bunların hamısı yalandır, şayiədir. Bilirsiniz ki, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilir. Hökumət bu istiqamətdə addımlar atır. Məhbusların azadlığa çıxmasını istəməyənlər isə «Milli Şura»da toplaşanlar və xaricdə özünü müxalifət adlandıranlardır. Çünki həmin qüvvələr həbsdə olan şəxslərin adından istifadə edib ətraflarını genişləndirməyə çalışırlar. Yəni onlar istəmir ki, həmin şəxslər azadlığa buraxılsın. Onlara fikir vermək lazım deyil, yalan danışırlar. Əksinə, istəyirlər ki, həbsdə olan şəxslərin müddətləri uzadılsın".
YAP rəsmisi, bir daha vurğulayıb ki, insanlar müxalifətin yalanlarına uymur və bilmirlər ki, hansı üsula əl atsınlar.

Musa Qasımlı: "Hesab edirəm ki, müxalifətçilərin belə fikirlər söyləməsi sosial baza toplamaq üçün ucuz təbliğat vasitələrindədir"

Millət vəkili Musa Qasımlı müxalifətin təşkil etdiyi mitinqlərə gedənlərə səslənib: "Mitinqə gedənlər bilməlidirlər ki, onların istəkləri aksiyalarda həll olunmur. Onların problemlərini Azərbaycan dövləti və hökuməti həll edir. Mitinqlərin keçirilməsi Azərbaycanda demokratiyanın göstəricilərindən biridir".
Deputat müxalifətin hansı səbəbdən anormal iddialarla çıxış etməsinin səbəbini də açıqlayıb: "Hesab edirəm ki, müxalifətçilərin belə fikirlər söyləmələri sosial baza toplamaq üçün ucuz təbliğat vasitələrindədir. Amma bizim xalqımız çox müdrikdir. Məsələləri kimin həll etdiyini, kimin ona yaxın olduğunu, kimin isə ondan öz məqsədləri üçün istifadə etdiyini çox yaxşı bilir".
Deputat bəzi müxalifətçilərə hakimiyyətin son islahatları barədə fikirlər səsləndirməmişdən əvvəl ölkə başçısının Nazirlər Kabinetinin iclasındakı çıxışını oxumalarını məsləhət görür: "Bəzi müxalifətçilərin guya onlar dedikdən sonra Cənab Prezidentin bir sıra məsələləri həll etməsinin nə dərəcədə reallığa uyğun gəlib-gəlməməsini öyrənməkdən ötrü dövlət başçısının Nazirlər Kabinetinin iclasındakı çıxışını oxumalarını məsləhət görərdim. Hələ 19 yanvar mitinqi olmamışdan xeyli əvvəl, 2018-ci ildə Prezident İlham Əliyev nitqlərində şəhid ailələri ilə bağlı məsələlərin əsaslı şəkildə həll ediləcəyini, pensiyaların, təqaüdlərin və minumum əmək haqqının artırılacağı barədə fikirlərini söyləmişdi. Həmin müxalifətçilər anlamalıdırlar ki, dövlət başçısının və hökumətin konkret planları var. Hökumət həmin planları həyata keçirir. Burada hansısa müxalifətçinin nə və necə deyib-deməməsindən asılı olmayaraq, Azərbaycan hakimiyyəti öz işini görür".

Rəfiqə HÜSEYNOVA