Avropa Şurasında Ermənistanın real sifəti ifşa olundu

25 İyun 2019 17:11 (UTC+04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Daimi Komitə və Büronun hesabat məruzəsi dinlənilib. Məruzələr ətrafında müzakirələrə qoşulan Ermənistan nümayəndə heyətinin üzvləri onlara xas riyakarlıqla Azərbaycan və Türkiyə əleyhinə yalan və iftiralarla dolu çıxışlar ediblər. SİA xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov bu saxtakarlıqları və böhtanları ifşa edib və belə məzmunlu çıxışların növbəti dəfə işğalçı Ermənistanın və onu təmsil edən deputatların əsl sifətini göstərdiyini, Avropa Şurasının bu cür arzuolunmaz və məyusedici davranışların yeri olmadığını diqqətə çatdırıb.

Deputat qurumun çox məsul və həlledici bir tarixi mərhələni yaşadığını vurğulayaraq bildirib ki, 70 il əvvəl bu təşkilat yarananda Avropa, dünya mühüm bir sərhədin astanasında idi. İkinci Dünya müharibəsindən sonra büsbütün başqa bir Avropa və dünya formalaşmışdı, “soyuq müharibə” epoxası başlanırdı. Avropa Şurasının bioqrafıyası təsdiq edir ki, o, məhz “soyuq müharibə” dövrünün uğurlu təşkilatı olub. Çünki bu qurumun demokratiya, insan hüquqları sahəsində əldə etdiyi başlıca uğurlar elə həmin dövrlərə təsadüf edir. Elə ki, “soyuq müharibə” epoxası bitməyə, artıq real qanlı qarşıdurmalar ortaya çıxmağa başladı, Avropa Şurası daha əvvəlki effektdə fəaliyyət göstərə bilmədi. Hərbi münaqişə və işğalların qarşısını almaqda, milyonlarla qaçqın və köçkünün problemlərini həll etməkdə Avropa Şurası əməli kömək göstərə bilmədi və bacarmadı.

Bütün bunların səbəbinin Avropa Şurasının yanaşmalarında müşahidə olunan qüsurlardan irəli gəldiyini qeyd edən Rafael Hüseynov konkret faktlar üzərində dayanaraq deyib: “İcra olunmayan, kağız üzərində qalan gücsüz qətnamələr, baş alıb gedən ikili standartlar, sözlə əməlin düz gəlməməsi, idarə olunan qruplaşmalar, ayrı-ayrı üzv ölkələrə fərqli münasibətlər, təşkilatın nizamnaməsinin mütəmadi pozulmasına biganə münasibət, islahatların dekorativ səciyyəsi və çox-çox oxşar səbəblər... Avropa Şurasının bu qüsurlardan xilas olması üçün məxsusi bir antivirus proqramına ehtiyacı var. Yoxsa ki, ən ümdə məsələlərin həllində hamımızın ortaq sərvəti olan bu maşın – Avropa Şurası xəta verir, yaddaşı donur, həddən artıq yüklənmiş görünür. Ona görə də mənim fikrimcə Avropa Şurası sərhədin bu tayından o tayına, varlığının 70 yaşdan sonrakı hissəsinə, sadəcə, kosmetik islahatlarla yox, kardinal dəyişikliklərlə getməlidir. Yeni dövr onu göstərir ki, sözün gücü ilə işləmək daha keçmir, əvvəlki effekti vermir. Ona görə də sözün hərəkətə çevrilə, işləyə bilməsindən ötrü onu irəlilədən real güc olmalıdır”.

47 üzv ölkəni əhatə edən Avropa Şurasının qərar və qətnamələrinin icrasına bilavasitə xidmət edə biləcək konkret təsir mexanizmini yaratmalı olduğunu deyən Rafael Hüseynov Avropa Şurası Nazirlər Komitəsinin idarəçilik sistemində də dəyişikliklərin zamanın çağırışı olduğunu bildirib.

“Təcrübə aşkar şəkildə nümayiş etdirir ki, qərarların, qətnamələrin icrasına bilavasitə təsir göstərən işlək mexanizm olmadan, Nazirlər Komitəsinin yalnız məşvərət, tövsiyə xarakterli orqan kimi qalmaqla nəyəsə nail olması mümkün deyil. Hər bir üzv ölkə bilməlidir ki, məqamı çatanda təşkilatın yalnız siyasi deyil, çox ciddi iqtisadi və digər sanksiyalarına da məruz qala bilər. Elə bir təsir mexanizmi formalaşdırılmalıdır ki, BMT Təhlükəsizlik Şurasından fərqli olaraq subyektiv mülahizələrə tabe edilməsin, bütün zəruri hallarda dəqiq işləyən mexanizm olsun. BMT Təhlükəsizlik Şurasının lazım bildiyi anda hansısa ölkə ilə bağlı konkret və qəti addımlar atdığını da görmüşük, bir neçə kəskin qətnaməsi olsa da, işğalçı ölkəyə qarşı tam hərəkətsizlik nümayiş etdirməsinə də şahidik”, - deyə R.Hüseynov bildirib.

Avropa Şurasının sabahına nikbin baxmağa çağıran Rafael Hüseynov qeyd edib ki, bəzən Avropa Şurasını artıq ömrünü başa vurmuş təşkilat kimi dəyərləndirmək kimi pessimist mülahizələrlə də qarşılaşmaq doğru deyil. Ömrünün növbəti on ilinə Avropa Şurası əsaslı şəkildə dəyişilmiş, dövrün tələblərinə uyğun olan qurum şəklində qədəm qoyarsa, belə narahat düşüncələrə də yer qalmaz.