"Son 20-30 ilin ən dağıdıcı müharibəsinin şahidi ola bilərik” ÖZƏL-ŞƏRH

25 İyun 2019 16:05 (UTC+04:00)

“Hazırda ABŞ-ın İran körfəzində və bütün sərhəd bölgələrində hərbi kontingetinin sayının və gücünün sürətlə artması müşahidə olunur. Amerika qırıcıları və raket sistemləri İranın dörd bir yanına yerləşdirilib. İndiyə qədər ABŞ apardığı hərbi əməliyyatlar üçün bu qədər qüvvə toplamamışdı. Müharibənin başlanacağı təqdirdə Ağ Ev ildırım sürətli əməliyyat keçirmək niyyətindədir”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, İraq və Serbiya əməliyyatlarından sonra uzun zamandır ki, ABŞ böyük həcmli və ildırımsürətli hərbi əməliyyatlar aparmayıb: “Bu səbəbdən də ABŞ bölgəyə tarixində misli görünməyən hərbi qüvvələrini yerləşdirir. Tramp əməliyyatların başlanacağı təqdirdə gün ərzində İrana 500 qırıcı uçuşu və güclü raket zərbələri vurmağı planlaşdırır. Bununla yanaşı ABŞ İranı iqtisadi cəhətdən sıxmağa davam edir. İranı iqtisadi blokadadan çıxartmağa cəhd edən ölkələrə Trampın etdiyi xəbərdarlıq öz bəhrəsini verir. Rusiya və hətta Çin İranla sıx iqtisadi əməkdaşlıqdan çəkinirlər. Əks təqdirdə bu ölkələr Ağ Evin daha kəskin embarqoları ilə üzləşə bilərlər. Bütün bunların təhlili müharibənin qaçılmaz olduğunu göstərsə də bölgədə baş verən siyasi təlatümlər və dəyişikliklərin İrana atlaması istisna deyil. İran rejimini dəyişmək planı hələ də qərb dövlətlərinin bir nömrəli planı olaraq qalır. İran islam rejimini dəstəkləyən Rusiya demək olar ki, neytrallaşdırılıb. Bölgədə hərbiləşmiş və kifayət qədər yetkin siyasi bazası olan kürd faktoru var. Eləcə də hərbi qüvvəsi olmasa da İran türklərinin milli azadlıq istəyinə dəstək verərək İranda rejimi dəyişmək planlarını həyata keçirə bilərlər.

İran düşdüyü vəziyyəti çox yaxşı anlasa da krizisdən çıxmaq üçün addığı addımlar yanlışdır. Rusiya və Ermənistanla yaxınlıq İranı düşdüyü odlu dairədən qurtarmayacaq. İran üçün odlu dairə günü-gündən daralmaqdadır. Yeganə çıxış yolu Azərbaycan, Türkiyə və Pakistanla münasibətləri yüksək səviyyəyə çatdırmaqdır. Qərbin bütün təzyiqlərinə baxmayaraq Türkiyə və Azərbaycan öz ərazisindən İrana hərbi zərbələr vurulmasına icazə vermir. İran Ermənistanla sərhədləri bağlayıb iqtisadi müansibətləri kəsərsə bu məsələdə iki türk respublikası yaxınlaşan təhlükəni müəyyən qədər yumşalda bilər. Bununla da İran öz daxilində demokratik cəmiyyət qurmaq istiqamətində çalışaraq təhlükəni sovuşdura bilər. İndiyə qədər isə İran hələ ki, vəziyyəti düzgün qiymətləndirmir. Belə davam edəcəyi təqdirdə müharibə qaçılmazdır və son 20-30 ilin ən dağıdıcı müharibəsinin şahidi ola bilərik”.