Amerikalı qonaqlar “Yaşıl çay” fermer təsərrüfatında - FOTOLAR

25 İyun 2019 13:32 (UTC+04:00)

İyunun 25-də ABŞ-ın Kaliforniya ştatının Lənkəranla qardaşlaşmış Monterey şəhərinin “Monterey-Lənkəran Dostluq Assosiasiyası”nın sədri Nensi Selfric və Monterey şəhər şurasının üzvü Alan Haffa Lənkərana səfəri çərçivəsində “Yaşıl çay” fermer təsərrüfatında olublar. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, qonaqları təsərrüfatın rəhbəri Araz Yağubov qarşılayıb, onlara təsərrüfatın fəaliyyəti barədə geniş məlumat verib.

Qeyd edib ki, indiyədək 70 hektarda çay plantasiyası salınıb. Bunun 50 hektarı məhsuldar sahələrdir. Təsərrüfatın öz emal və qablaşdırma müəssisəsi var. Burada 35 adda orqanik çay məhsulu istehsal edilir. Lənkəranla Monterrey şəhəri arasında əlaqələrin genişlənməsindən məmnun olduğunu bildirən Araz Yağubov bu dostluq şərəfinə yeni çay növü istehsal etməyi planlaşdırdığını vurğulayıb.

Qonaqlar azərbaycanlı iş adamının təşəbbüsünü maraqla qarşılayaraq bu təklifdən razı qaldıqlarını bildirib, ona fəaliyyətində uğurlar arzulayıblar.

Sonda plantasiya önündə xatirə şəkli çəkdirilib. Sərraf Mirsəfəroğlu