Аzərbаycаn Pоlisinin peşə bayramı münasibətilə yarış keçirilib

24 İyun 2019 18:45 (UTC+04:00)

Аzərbаycаn Pоlisinin peşə bayramı münasibətilə Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətində yeniyetmə və gənclər arasında idmanın müxtəlif növləri üzrə açıq birinciliklər keçirilir. DİN-dən SİA-ya bildiriblər ki, cüdo üzrə yeniyetmə və gənclər arasında birincilikdə müxtəlif yaş kateqoriyalarında və çəki dərəcələrində 100-ə yaxın idmançı gücünü sınayıb.

DİN İdman Cəmiyyətinin sədri Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova çıxış edərək Azərbaycan Polisinin ulu öndər Heydər Əliyevin dövlətçilik xəttinə, Prezidentimiz İlham Əliyevin müdrik siyasətinə həmişə sadiq olduğunu bildirib və bunun daxili işlər orqanlarının əməkdaşları üçün ən böyük şərəf və qürur mənbəyi olduğunu diqqətə çatdırıb. Ölkəmizin sarsılmaz təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının mühüm xidmətlərindən danışan Z.Meftaxetdinova ölkə rəhbərliyinin daxili işlər orqanlarına diqqət və qayğısını xüsusi vurğulayıb.

Birincilikdə DİN İdman Cəmiyyətinin cüdo bölməsinin baş məşqçisi Zakir Kərimovun yetirmələri yüksək fiziki və texniki bacarıq nümayiş etdirib.

Mükafatlandırma mərasimində çıxış edən İdman təlimi şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlyas Siracov əməkdaşların hazırlıq səviyyəsinin yüksək olduğunu, polis idmançılarımızın ildən-ilə təcrübələrinin artdığını diqqətə çatdırıb.

Sonda qaliblərə medallar və diplomlar təqdim olunub.