“Ölkəmizin sürətli inkişafı dünya birliyində yüksək qiymətləndirilir” - Açıqlama

24 İyun 2019 12:59 (UTC+04:00)

“Ölkəmizin son illərdə sürətli inkişaf yoluna qədəm qoyması dünya birliyində yüksək qiymətləndirilir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirməsi müstəqil dövlətimizin nüfuzundan xəbər verir”. SİA-nın məlumatına görə, bu sözləri bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində Ümumdünya İrs Gənc Peşəkarlar Forumunda Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir Azərbaycan-UNESCO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, Dünya İrs Komitəsinin 42-ci sessiyasında Azərbaycan bir il müddətinə komitənin sədri seçilib. Ölkəmiz üçün böyük əhəmiyyətə malik belə bir qərarın qəbul edilməsi UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir.