Bakıda Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib

20 İyun 2019 22:18 (UTC+04:00)

Bu gün Bakıda Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində təşkil edilən tədbirin iştirakçıları əvvəlcə qaçqınların və məcburi köçkünlərin həyatından bəhs edən fotosərgiyə baxıblar.

Tədbiri açan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Quido Ambroso tədbirin təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan Hökumətinə və Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.

Sonra BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandinin videomüraciəti nümayiş etdirilib.

Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov tədbirdə çıxış edərək bildirib ki, qaçqın və məcburi köçkün problemi bu gün dünyanı narahat edən məsələdir. Bu gün dünyada 70 milyondan çox qaçqın və məcburi köçkün var. Bu problemin həlli üçün dünya dövlətləri, siyasətçilər ciddi səy göstərməlidirlər. Ölkələr qaçqın və məcburi köçkünlərə yardımlar edirlər. Bu, yaxşı haldır. Ancaq münaqişənin həlli kökündən həll olunaraq qaçqınlığa, köçkünlüyə son qoyulmalıdır. Məhz müharibələrin səbəbidir ki, dünyada qaçqın ordusunun sayı artır.

Baş Nazirin müavini bildirib ki, Azərbaycan 30 ildən çoxdur bu problemlə üz-üzədir. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanı çətin vəziyyətə salan bu məsələyə vaxtilə lazımi diqqətin yetirilməməsi səbəbindən indi bütün dünya bu ağır problemlə üzləşib. Bu gün bu problemi yaradan səbəblər araşdırılmalı, məsələnin həlli istiqamətində birgə səylər göstərilməlidir. Azərbaycan dövlətinin böyük səyləri nəticəsində bu gün ölkəmizdə qaçqınların və məcburi köçkünlərin sosial vəziyyəti xeyli yaxşılaşıb. Lakin hələ də onlar öz yurd-yuvalarına qayıtmayıblar. “Düşünürəm ki, Azərbaycanın haqq səsini vaxtilə eşitməyənlər bu gün bizim çağırışımızı dinləyəcəklər. Bizim hədəfimiz işğal olunmuş torpaqlarımızı azad etmək və qaçqın, köçkün düşən vətəndaşlarımızı öz yurd-yuvalarına qaytarmaqdır”, - deyə Əli Əhmədov qeyd edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib ki, bugünkü tədbirin keçirilməsində əsas məqsəd bu problemin nə qədər vacib olduğunu bir daha diqqətə çatdırmaqdır. Azərbaycanda qaçqın və məcburi köçkün problemi ilə bağlı əsaslı işlər görülür. Lakin bu problem bütün dünyada böyük narahatlıq yaradır. Aidiyyəti təşkilatlar qaçqın və məcburi köçkün probleminin həlli ilə bağlı birgə çalışmalıdırlar.

R.Rzayev Azərbaycanda məcburi köçkünlərə yaradılan sosial imkanlardan danışıb. O qeyd edib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirib. Ancaq buna baxmayaraq, ölkə rəhbərliyi bu gün onların öz yurd-yuvalarına qayıtmaları üçün çalışır.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, qaçqın, köçkün problemi həqiqətən də qlobal problemdir və ciddi yanaşma tələb edir. Təəssüf ki, bu problem dünya miqyasında getdikcə artır. Dünyada cərəyana edən siyasi proseslər 70 milyon insana ağır dərəcədə təsir edir. Problemin daha da dərinləşməməsi üçün ciddi işlər görmək lazımdır. Böyük dövlətlər ikili standartları və məsələyə laqeydliyi aradan qaldırmalıdırlar. Azərbaycan qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məsələsində nümunədir. Lakin məsələ bununla bitmir. Bu insanlar öz doğma torpaqlarına qayıtmalıdırlar.

Sonra Dövlət Miqrasiya Xidmətinin Ümumdünya Qaçqınlar Günü ilə bağlı hazırladığı videoçarx nümayiş olunub.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai qeyd edib ki, qaçqın və məcburi köçkün problemi dünya üçün ciddi təhlükədir. BMT-nin iqlim dəyişikliyinə və digər problemlərə qarşı mübarizə apardığı bir dövrdə ən çox diqqət qaçqın və məcburi köçkünlərin üzərinə yönəlməlidir. Bu il dünyada öz yurd-yuvalarından didərgin düşən insanların sayı ən yüksək həddə çatıb. Bu, bizi problemi yaradan səbəblər barədə dərindən düşünməyə vadar edir. Məsələnin həlli üçün bütün dövlətlər və aidiyyəti təşkilatlar birgə səy göstərməlidirlər.

Q.İshaqzai vurğulayıb ki, Azərbaycan qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük səylər göstərir. Azərbaycan dünyadakı qaçqın probleminin həlli ilə bağlı görülən işlərə töhfə vermək, müxtəlif ölkələrdən buraya gələn qaçqınlara himayə göstərmək üçün böyük imkanlara malikdir və bu imkanlarından geniş istifadə edir.

“Alman Qaçqın Akademik Təşəbbüsü” təqaüd proqramı vasitəsilə Azərbaycanda təhsil alan əfqanıstanlı qaçqın tələbə Zəhra Muhamədi ölkəmizdə ona yaradılan şəraitdən danışıb. O qeyd edib ki, 19 ildir Azərbaycanda yaşayır. O, 9 aylıq körpə olanda valideynləri Əfqanıstandan qaçdığını deyən Zəhra ona və ailəsinə yaradılan imkana görə Azərbaycan Hökumətinə minnətdarlığını bildirib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Quido Ambroso tədbirə yekun vuraraq qeyd edib ki, qaçqın və məcburi köçkünlər diqqətdən kənarda qalmamalıdırlar. Dünyada davam edən münaqişələr qaçqın və məcburi köçkünlərin sayını artırır.

O qeyd edib ki, bu gün Azərbaycanda məcburi köçkünlərin vəziyyəti xeyli yaxşılaşıb. Ancaq onlar öz yurd-yuvalarına qayıda bilmirlər. Quido Ambroso deyib ki, müxtəlif ölkələrdən Azərbaycanda məskunlaşan qaçqınlara da diqqət və qayğı göstərilir. Uşaqların təhsil almaları üçün Azərbaycan Hökuməti tərəfindən imkanlar yaradılır. Onlar müxtəlif sosial layihələrdən yararlanırlar. Tədbir bədii hissə ilə davam edib.