"Əsas məqsəd Azərbaycanı “Minsk 2019”da layiqincə təmsil etməkdir"

20 İyun 2019 20:04 (UTC+04:00)

"İkinci Avropa Oyunlarında komandamızın heyətində təcrübəli idmançılarla yanaşı, gənc pəhləvanlar da mübarizə aparacaqlar. Heyətə daxil etdiyimiz gənc güləşçilər də təcrübəlidirlər. Onların arasında dünya və Avropa çempionatlarının mükafatçıları var. İkinci Avropa Oyunlarında mübarizə aparacaq bəzi idmançılar zədələrdən sonra ilk dəfə böyük yarışda güclərini sınayacaqlar. Şübhəsiz, onları da dünya çempionatından əvvəl sınaqdan keçirmək istəyirik."

Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) prezident əvəzi Namiq Əliyev “Minsk 2019” ikinci Avropa Oyunlarında komandamızın iştirakı ilə bağlı danışarkən deyib.

N.Əliyev bildirib ki, komandanın qarşısında duran əsas məqsəd Azərbaycanı “Minsk 2019”da layiqincə təmsil etməkdir. Güləşçilərin hazırlıq prosesi yüksək səviyyədə davam edir.

II Avropa Oyunlarında güləşçilərimizin ölkəmizi yüksək səviyyədə təmsil edəcəklərinə əminliyini bildirən N.Əliyev vurğulayıb: “İdmançıların qarşısına yaxşı çıxış etmək məqsədi qoyulub. Onlar başa düşürlər ki, medallar uğrunda yüksək səviyyədə mübarizə aparmalıdırlar. Əminəm ki, güləşçilərimiz ikinci Avropa Oyunlarından Vətənə medallarla qayıdacaqlar. Hazırda yeniyetmələrin Avropa çempionatı keçirilir. Qitə birinciliyində uğurla çıxış edən yunan-Roma güləşi üzrə yığmamız 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Yarışda sərbəst güləşçilər və qızlar da çıxış edəcəklər. Yeniyetmə güləşçilərimiz Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalında da ölkəmizi təmsil edəcəklər”.

Qeyd edək ki, ikinci Avropa Oyunları iyunun 21-30-da Minskdə keçiriləcək. Azərbaycanın 16 pəhləvanının qatılacağı güləş yarışları iyunun 25-30-da təşkil olunacaq.