Gülnaranın xaricdəki aktivləri geri qaytarılır

20 İyun 2019 12:06 (UTC+04:00)

Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnara Kərimovanın xaricdəki aktivləri geri qaytarılır. SİA xəbər verir ki, bu haqda Özbəkistan Baş Prokurorluğunun mətbuat katibi Suraya Raxmanova Daşkənddə keçirdiyi brifinqdə məlumat verib.

O deyib ki, Gülnara Kərimova 2015-ci ildə vergidən yayınmaqda və soyğunçuluqda ittiham olunaraq beş il müddətinə azadlıqdan məhrum edilib.

S.Raxmanova qeyd edib ki, G.Kərimovanın iki cinayət işinə görə Özbəkistana vurduğu zərər 2 milyard dollar təşkil edir. Bu günə qədər Özbəkistan onun 12 ölkədə, o cümlədən Rusiyada olan 1,5 milyard dollar həcmindəki aktivlərinə həbs qoyub və mərhələ-mərhələ geri qaytarılır.

Ötən ilin iyununda humanizm prinsipləri əsas götürülərək Gülnara Kərimovanın cəzası ev dustaqlığı ilə əvəzlənib. Bu müddətdə o, ev dustağı kimi ölkə qanunlarını pozduğuna görə yenidən həbsxanaya göndərilməsi haqqında qərar qəbul olunub və hazırda cəzasını çəkir.