"Aparılan islahatlar əhalinin rifah halının yaxşılaşmasına yönəlilib" RƏY-ÖZƏL

20 İyun 2019 10:39 (UTC+04:00)

“Azərbaycan sosial-iqtisadi sferada sürətli inkişaf yoluna qədəm qoyub. Əhalinin sosial rifahının yüksəldilməsi üçün lazımi addımlar atılması bunun əsas göstəricisidir. Əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, şəhid ailələrinə göstərilən qayğı, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar və digər cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmiş tədbirlərdir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Ölkə başçısının rəhbərliyi ilə inkişafın Azərbaycan modelinin formalaşdığını deyən deputat söyləyib ki, Dövlət başçısının vurğuladığı kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “İyunun 18-də dövlət başçısının sərəncamları ilə minimum əməkhaqqının 250 manata qədər artırılması, eləcə də müxtəlif kateqoriyalar üzrə əməkhaqlarının artırılması ölkəmizdə iqtisadi inkişafın insanların sosial rifahının yüksəlməsi ilə müşayiət olunduğunu bir daha sübut edir”.

S.Fətəliyeva vurğulayıb ki, sosial siyasətdən bəhs edərkən son vaxtlar ölkə Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə atılan addımlar xüsusi vurğulanmalıdır: “Belə ki, dövlət başçısının şəhid ailələrinin üzvləri ilə görüşməsi, torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin ailə üzvlərinə, onların vərəsələrinə 11 min manat məbləğındə birdəfəlik ödəmənin verilməsi haqqında Fərmanın imzalanması, şəhid ailələri üçün Prezident təqaüdünün məbləğinin artırılması, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün qəsəbələrin tikintisi, minimum əməkhaqqının və minimum pensiyanın artırılması məhz ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin əhəmiyyətini bir daha təsdiqləyir. Bu faktlar bir daha təsdiqləyir ki, dövlət vətəndaşları narahat edən məsələlərin həllinə diqqətlə yanaşır”.