"Ali Baş Komandan hərbi qulluqçulara qayğısını növbəti dəfə ifadə etdi"

20 İyun 2019 02:02 (UTC+04:00)

Hərbçilərin sosial müdafiəsi Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daim diqqət mərkəzində olan əsas məsələlərdəndir. Bunu cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində xidmət edən baş çavuş Elçin Talıbov AZƏRTAC-a müsahibəsində deyib.

E.Talıbov bildirib: “Ali Baş Komandanımızın Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında imzaladığı Sərəncama görə təşəkkürümüzü bildiririk. Fəxr edirik ki, Ali Baş Komandan Ordumuza, düşmənlə üz-üzə səngərdə xidmət edən biz hərbçilərə belə diqqət və qayğı göstərir. Bu, təkcə bizi yox, ailə üzvlərimizi də sevindirir. Bu Sərəncam onu göstərdi ki, Prezidentimiz hərbi qulluqçuların yalnız özlərinin deyil, onların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsi, maddi rifahının yaxşılaşdırılması istiqamətində daim mühüm tədbirlər həyata keçirir. Ali Baş Komandan Azərbaycan Ordusunun hərbi qulluqçularına öz qayğısını növbəti dəfə ifadə etdi”.