Ölkəmizdə uşaq bağçaları müasir standartlara uyğun inşa olunur

19 İyun 2019 17:15 (UTC+04:00)

Azərbaycanın daxili imkanları genişləndikcə, sosial sahələrə də diqqət artırılır. Ölkə daxilində infrastruktur yenidən qurulur və görülən işlər müasir səviyyədə həyata keçirilir. Əlbəttə ki, dünyanın inkişaf etmiş ölkələri sırasında yeri olan Azərbaycanın sürətli inkişafı, bütün sahələrdə özünü büruzə verir. Təhsil ocaqlarının, uşaq bağçalarının yenidən qurulması, təmiri və inşası istiqamətində də davamlı olaraq işlər görülür. Uşaqların sağlam mühitdə böyüməsi və tərbiyə olunması, müvafiq standartlara cavab verən təhsil müəssisələrində oxuması üçün hər cür şərait yaradılmışdır. Uşaqların keyfiyyətli təhsil və yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması başlıca prinsiplərindəndir.Uşaq bağçalarının da yenidən qurulmasına müasir dövrümüzdə ehtiyac duyulduğundan, bu sahədə işlər sürətlənib. Ölkə əhalisinin say artımı bu tələbatı daha da artırmış oldu. Uşaqların gələcək inkişafının, demək olar ki, ilkin təməli, məhz uşaq bağçalarında olduğundan, bu müəssisələrə dövlətin diqqəti xüsusidir. Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi, bunun əyani təsdiqidir. Uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də, mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına, dövlət tərəfindən həyata keçirilən proqramlarla yanaşı, Heydər Əliyev Fondu da xüsusi töhfə verir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyeva Azərbaycan əhalisinin sağlamlığı, xoşbəxtliyi, firavanlığı, sülh və əmin-amanlığın müdafiəsinə töhfələrini verir.

UŞAQ BAĞÇALARININ MÜASİR STANDARTLAR SƏVİYYƏSİNDƏ QURULMASI HEYDƏR ƏLİYEV FONDUNUN DİQQƏT MƏRKƏZİNDƏDİR

Gənc nəslin təhsili və sağlamlığının qorunması Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğundan, fond ölkədə həyata keçirilən təhsil və səhiyyə islahatlarında xüsusi fəallıq nümayiş etdirir. Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi tədbirlər isə birbaşa genefondun qorunmasına, bu sahədə mövcud problemlərin əsaslı həllinə yönəldilmişdir. "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Yeniləşən Azərbaycana yeni məktəb" proqramları və "Təhsilə dəstək" layihəsi çərçivəsində ölkəmizdə təhsilin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə gətirib çıxarmışdır. Məktəbəqədər hazırlıq müəssisələrinin, uşaq bağçalarının müasir standartlar səviyyəsində qurulması və onların maddi-texniki bazasının gücləndirilməsi Heydər Əliyev Fondunun diqqət mərkəzindədir. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində ölkəmizdə uşaq evi və internat məktəbi əsaslı təmir olunub və bu müəssisələrdə yaşayan uşaqların problemləri daim diqqətdə saxlanılıb. Müasir tələblərə cavab verən uşaq evlərində inşa edilmiş hamam, üzgüçülük hovuzu, yay konsert meydançası, stadion, iclas, idman, rəqs salonları, həyətdəki yaşıllıqlar, uşaqların əl işləri muzey-sərgisi burada balacaların fiziki və əqli cəhətdən sağlam böyümələri üçün hər cür şərait yaradılması fondun xeyirxah fəaliyyətinin bəhrəsinə əyani sübutdur.
GƏLƏCƏYİMİZ OLAN UŞAQLARA XÜSUSİ DİQQƏTLƏ YANAŞILIR
Mehriban xanım Əliyevanın bu sahədə həyata keçirdiyi islahatlar, mövcud problemlərin əsaslı şəkildə həllinə yönəlmişdir. Belə ki, uşaq bağçalarının müasir standartlar səviyyəsində qurulması və onların maddi-texniki bazasının gücləndirilməsi yönümündə görülən işlər də öz nəticəsini verir. Bildiyimiz kimi, Azərbaycanın bir sıra rayonlarında fondun təşəbbüsü ilə inşa edilən uşaq bağçaları dediklərimizi əsaslandırır. Qaxda, Beyləqanda, Qəbələdə, Tovuzda, Samuxda və başqa rayon və şəhərlərdə fondun təşəbbüsü ilə istifadəyə verilən uşaq bağçalarında balacaların təlim-tərbiyəsi və istirahəti üçün hər cür şərait yaradılıb və balacaların təhlükəsizliyi təmin edilib. Bu bağçalar digərlərindən fərqli olaraq, layihə əsasında inşa olunub. İdman otaqlarının müəssisələrdə istifadəyə verilməsi, uşaqlarda kiçik yaşlarından idmana həvəs oyatmaqla yanaşı, onların fiziki sağlamlıqlarının möhkəmlənməsinə istiqamətlənib. Uşaqların dünyagörüşünü zənginləşdirmək üçün müxtəlif əyani vəsaitlərin istifadəyə verilməsi də bağçaların yeni bir formada qurulmasına gətirib çıxarıb. Belə ki, onların orta məktəbə hazırlanması məsələsinə də diqqət ayrılır. Bağçalarda uşaqlar üçün nağıllar dünyasını əks etdirən detallara, xüsusi diqqət ayrılır ki, bu da, uşaqların dünyagörüşünün formalaşmasına təsirini göstərir.
Görülən işlərin davamı olaraq, bu günlərdə Bakının Yasamal rayonundakı 11 saylı körpələr evi-uşaq bağçası üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən yeni binanın açılışı olub. 2 korpusdan ibarət 11 saylı körpələr evi-uşaq bağçası müasir tələblərə cavab vermədiyindən, mövcud 150 yerlik binası sökülüb və onun yerində Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tipli 200 yerlik körpələr evi-uşaq bağçası tikilib. İstifadəyə verilən körpələr evi-uşaq bağçasının ikimərtəbəli məktəbəqədər təhsil müəssisəsinin otaqları və dəhlizləri uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib. Məktəbəqədər təhsil müəssisəsində 6-sı Azərbaycan, 4-ü isə rusdilli bölmə olmaqla, ümumilikdə, 10 qrup fəaliyyət göstərəcək. Körpələr evi-uşaq bağçasında bir yaşdan 6 yaşadək 200 uşağın təlim-tərbiyəsi ilə 46 nəfərdən ibarət peşəkar heyət məşğul olacaq. Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlıqlarının qorunması və vətənpərvər, savadlı şəxsiyyətlər kimi yetişmələri istiqamətində Azərbaycan dövləti çox mühüm layihələr həyata keçirir. Bu işlərə Heydər Əliyev Fondunun töhfəsi də olduqca əhəmiyyətlidir.
Göründüyü kimi, məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunması ilə bağlı layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir.

ZÜMRÜD