"İkinci sosial paketin müsbət nəticələri bütün ailələrdə hiss olunacaq"

19 İyun 2019 12:44 (UTC+04:00)

Dövlətimizin başçısı İlham Əliyevin dünən verdiyi Sərəncamlar bir daha sübut etdi ki, Prezident daim vətəndaşların sosial ehtiyaclarını düşünür və onların maddi rifahının yüksəldilməsi istiqamətində əməli addımlar atır. Bu kimi sosial tədbirlərin həyata keçirilməsi dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Xanlar Fətiyev deyib.

Deputat bildirib ki, bu Sərəncam ölkəmizdə vətəndaşların maddi rifah halının yaxşılaşdırılması istiqamətində 2019-cu ilin elə ilk aylarından atılan inqilabi addımların davamıdır. “Bildiyiniz kimi, bu ilin mart ayının 1-dən minimum əməkhaqqı 38,4 faiz, yəni 50 manat artırılaraq 130 manatdan 180 manata çatdırıldı. Bununla da Azərbaycanda təxminən 400 mindən çox vətəndaşın əməkhaqqıları yüksəldi. Sentyabrın 1-dən isə minimum əməkhaqqı nəzərə çarpacaq dərəcədə qaldırılır və 250 manat olacaq. Bu isə ötən ilə nisbətdə təxminən 100 faiz artım deməkdir. Bu, əhalinin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əsl inqilabdır”,- deyə X.Fətiyev əlavə edib.

Deputat qeyd edib ki, dövlətimizin başçısının müvafiq Sərəncamının əhalinin sosial müdafiəsinin gücləndirilməsi, yoxsulluğun aşağı salınması və əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində çox böyük əhəmiyyəti olacaq. Minimum əməkhaqqının artırılması, 250 manata çatdırılması rəsmi hesablamalara görə dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artırmağa imkan verəcək. Beləliklə, reallaşmağa başlayacaq ikinci sosial paketin müsbət nəticələri demək olar ki, bütün ailələrdə hiss olunacaq.