Kulinar səyahət - Fotolar

19 İyun 2019 15:21 (UTC+04:00)

Deyra Dubayın ən qədim rayonlarından biridir. Hindistan, Pakistan, İrandan və regionun digər ölkələrindən olan miqrantlar ilk dəfə məhz burada məskunlaşıblar. Hələ Dauntaunla “Dubai Mall” və ya “Dubai Marina” kimi dəbdəbəli rayonlar əmələ gəlməmişdən əvvəl şəhər həyatı və ticarət mərkəzi Deyrada cəmləşmişdi. Buna baxmayaraq, burada ənənəvi bazarlar - qızıl, parça, balıq, meyvə, ədviyyat və s. bazarları indi də fəaliyyət göstərir. Yüzlərcə restoran, kafe və küçə yeməyi məntəqələrindən gələn Yaxın Şərq mətbəxinin ətri ziyarətçiləri özünə cəlb edir. Təəccüblü deyil ki, “əsl” Dubayı dadmaq istəyən turistlər hər şeydən əvvəl Deyraya üz tuturlar.

Deyranın restoranlarında hansı qeyri-adi yeməklərin dadına baxmaq olar? Bu dəfə sizə məhz bu barədə söz açmaq istərdik.

Delikateslər axtarışında

Əvvəlcə onu qeyd edək ki, Deyranın qastronomik sirləri barədə xeyli yeni və maraqlı məlumatları öyrənməkdə bizə “Friyng Pan Adventures” şirkətinin təşkil etdiyi “Middle Eastern Food Pilgrimage” ekskursiya turu yardımçı oldu. Bu tura Deyranın küçələrində ingilisdilli bələdçinin müşayiəti ilə, müxtəlif kafe və restoranlarda dincəlməklə piyada gəzinti daxildir. Tur çərçivəsində bələdçi bu və ya digər yeməklər barədə məlumat verir, bunlardan bir çoxunun dadına baxmaq fürsəti təqdim edir. Bu tura acqarına gəlmək vacibdir! Ekskursiyanın 4 saat davam etməsinə baxmayaraq, dequstasiya üçün fasilələr sayəsində yorğunluq hiss olunmur və vaxt sanki bir göz qırpımında keçir.

“Al Rigga” metro stansiyasından başlayan gəzinti Deyranın bir neçə rəngarəng məhəllələrini əhatə edərək “Union” metro stansiyasının ətrafında bitir. Bu perimetrdə İraq, Livan, Misir, İran və digər ölkələrdən gəlmiş insanlara məxsus xeyli sayda kafe və restoranlar yerləşir. Bu yerlərdə yada saldığımız yeməklərin əksəriyyətini siz çox asanlıqla tapa bilərsiniz.

Əgər siz fikirləşirsiniz ki, Yaxın Şərq mətbəxi şaurma, kabablar və plov deməkdir, o zaman gözlənilməz kəşflərə hazır olun. Sabunotu kökündən desert, limonu-çəhrayılı rəngdə əriştə və zəfəranlı dondurma nəyə desən dəyər!

Falafel

Falafel ən məşhur Yaxın Şərq mətbəxi təamlarından biridir. Noxud əvvəlcə üyüdülərək ədviyyat əlavə olunur, daha sonra kürəciklər düzəldilərək yağda qızardılır. Falafel də türk şaurması kimi bütün dünyada geniş yayılmış küçə mətbəxi yeməklərindəndir.

Bu yeməyin əvvəlcə Misirdə əmələ gəlməsi, tezliklə Levanta ölkələrinə (Suriya, Fələstin, Livan və s.) yayılması ehtimal edilir. Sadə falafelə adətən təzə cəfəri və keşniş toxumu əlavə edirlər. Dubayda, həmçinin Çili bibəri ilə içlikli mahşi falafelinin, sumağ, ədviyyat və soğanlı şattanın dadına baxa bilərsiniz.

Bəzən falafel kürəciklərini ayrıca boşqabda süfrəyə verirlər. Lakin əksər hallarda falafelin fastfud şəklində, kahı yarpağı və xırda doğranmış tərəvəzə sous əlavə edilərək kökə, yaxud da lavaş arasında təqdim edilməsinə rast gəlinir. Lavaşla olan halda kürəcikləri lavaşın üstündən əllə sıxıb əzmək məsləhət görülür.

Humus

Yaxın Şərq mətbəxinin populyar sousu və ya yaxmacı – humus da bişmiş noxud və ya digər paxlalılardan üyüdülərək hazırlanır, “tahini” küncüt pastası, zeytun yağı, limon şirəsi və ədviyyat əlavə edilir. Məsələn, bizə Deyrada humusu yaşıl bibər, sarımsaq və limon sousu ilə təklif etdilər. Tatbela qəlyanaltısını siz BƏƏ-nin əksər otellərində səhər yeməyinin menyusunda görə bilərsiniz.

Ful medames

Ful medames və ya sadəcə ful bişmiş at paxlasından hazırlanan raqudur. Yemək süfrəyə bitki yağı, zirə, zövqə görə xırda doğranmış cəfəri, soğan, limon şirəsi, Çili bibəri və digər ədviyyatla verilir. Misirdə əsas ərzaq məhsulu olan ful min illər bundan əvvəl əmələ gəlib. Ful medames, həmçinin bir sıra ərəb, Yaxın Şərq və Afrika mədəniyyətlərinin mətbəxinin bir hissəsi hesab edilir. Bu yeməyə də siz BƏƏ-nin hər bir otelinin səhər yeməyi menyusunda rast gələ bilərsiniz.

Sarımsaqlı “Toum” sousu

Əgər siz Deyrada gəzərkən Livan restoranına girmək qərarına gəlsəniz və hansısa əsas yemək sifariş versəniz, o zaman yəqin ki, onun yanında sizə sarımsaqlı ağ “thoom” sousu (sarımsaqlı ayoli) təqdim edəcəklər. Livanda bu, “toum” adlanır, ərəbcə sarımsaq deməkdir. Sarımsaqlı sous mayonez və ya xamaya bənzər, sarımsaq və limon şirəsi ətrini verən ağ kremli teksturaya malikdir. Sous ət yeməkləri ilə, xüsusən toyuq şaurması, qızardılmış toyuq, barbekü və toyuq kababı ilə yaxşı uyğunlaşır.

Kunafa

“Nabulsi” pendiri ilə, “kataifi” şirin əriştəsindən olan içliklə əridilmiş yağda hazırlanan piroq kunafa adlanır. “Nabulsi” Suriyada, Livanda və İordaniyada populyar olan ağ pendirdir. Qoyun, inək və ya keçi südündən hazırlanır. Yarıbərk teksturaya malik pendir qızdırılanda yumşaq və elastik olur.

Deyranın restoranlarından birində bu desertin hazırlanma prosesini bütünlüklə izləmək bizə nəsib oldu. Qənnadçı əvvəlcə dairəvi tavanı kərə yağı ilə sürtür və üstdən az miqdarda döyülmüş qoz səpir. Sonra aşpaz əriştəni əlləri ilə yaxşıca əzərək qalın qatla yağın və qozun üzərinə qoyur. Sonda qalın qatla pendir ovuntusu səpilir. Daha sonra qaz plitəsinə vam odda bişirilməyə göndərilir. Qənnadıçı vaxtaşırı tavanı fırladır, şirniyyatın kənarlarını tavadan ayırır. Piroq qızarana yaxın aşpaz onu digər tavaya çevirir. Pendir altda, qızaran hissə isə üstdə qalır. Kunafa yenidən sobaya qoyulur. Qənnadıçı çömçə ilə şəkər siropunu üstdən tökür və bir neçə dəqiqədən sonra piroq hazır olur.

Şirniyyat çox dadlı və şirnisi qaydasında alınır: ərinmiş dartılan pendir qaymaq dadı verir, əriştə isə dişlərin arasında xırçıldayır.

“Natef” kremi

“Natef” kremi qeyri-adi şirniyyatdır. Onu “kremli zefir” də adlandırırlar. Görünüşü və dadı şəkərlə möhkəm çırpılmış yumurtanın ağını xatırladır. Tərkibində nə yumurta, nə də qaymaq, hətta südün də olmaması təəccüb doğurur. Bu şirniyyat sabunotunun köklərindən hazırlanır.

Bundan ötrü sabunotunun kökü suda qaynadılır. Alınan həlim soyudulur, köpüklənənədək mikserlə çalınır, tədricən qızılgül suyu və limon şirəsi əlavə edilmiş şəkər siropu qatılır.

“Natef” peçenye, paxlava və digər şirniyyatlarla yanaşı süfrəyə verilir. Adətən peçenyeni “natef” kreminə batırıb çayla içirlər.

Fətir

Qədim Misir piroqu olan fətir (“feteer”) möhkəm bükülmüş pitsanı xatırladır. Hesab edilir ki, fransızlar məmlüklərlə birgə Avropaya keçən fətirin dadına baxandan sonra kruasanı icad etməyə ruhlanıblar.

Deyrada təkcə bu ləzzətli piroqun dadına baxmaq deyil, hazırlanmasını da izləmək mümkündür. Adətən onu kişilər hazırlayır. Qənnadıçı yayılmış xəmiri nazik və şəffaf olanadək dəfələrlə havada fırladır.

Sonra xəmirin bir hissəsinə içlik qoyulur. İçlik müxtəlif növdə - Mosarella pendiri, tərəvəz, “ras” və ya “roomi” növlü Misir pendiri ilə olur. Daha sonra piroqun üstü xəmirin digər hissəsi ilə örtülərək sobada bişirilir. Bizim dadına baxdığımız fətir dana basdırması ilə olan içlikdən hazırlanmışdı.

Hazır piroq Çili bibərindən hazırlanmış acı şatta sousu ilə süfrəyə verilir.

Masquf

İraq masqufu nar patkası ilə şirələnmiş yüngül hisə verilən balıqdır. Ənənəvi olaraq bu yemək tonqalın yanında hazırlanır. Biz masqufun dadına Deyranın İraq restoranlarından birində baxdıq. Burada yeməyin açıq ocağın yanında bişirilməsi üçün əla şərait yaradılmışdı: odadavamlı şüşənin arxasında əsl odundan od qalanır, elə onun yanındaca balıq hisə verilir. Masquf üçün adətən karp, çapaq, xek və digər balıq növləri istifadə olunur. Hisə verilməmişdən əvvəl balıq iki yarı hissəyə bölünür və şaquli şəkildə, içi ocağa tərəf odun yanına söykədilir. Bir müddətdən sonra balığın üstünə nar patkası çəkilir və hazır olanadək bişirilir.

Masqufla yanaşı stola təndir çörəyi, ambu (manqo şorabası, sirkə, xardal, sarıkök, Çili bibəri və şambaladan hazırlanan sous), pomidor, sumaq və reyhan verilir.