Mais Səfərli: “AXCP ilə Müsavat partiyaları arasında çox ciddi ziddiyyətlər var ” RƏY-ÖZƏL

18 İyun 2019 16:42 (UTC+04:00)

“Adları çəkilən partiyalar bəzən görürsən ki, görüntü xatirinə mehribanlaşırlar, bəzən də görürsən ki, düşmənə çevrilirlər”. Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib. Onun sözlərinə görə, ümumiyyətlə, AXCP ilə Müsavatın fəaliyyətinə diqqət yetirəndə görərik ki, bu partiyalar müəyyən vaxtlarda özlərini bir kimi göstərmək istəyiblər: “Bütün bunlarda Qərbdə olan bəzi qüvvələrin diqqətini özlərinə cəlb etməkdən irəli gəlir. “Milli Şur” da təmsil olunanlar xaricdə olan qüvvələrin xoşuna gəlmək üçün bəzən görürsən ki, görüntü xaritinə birləşirlər. Amma AXCP ilə Müsavat partiyaları arasında çox ciddi ziddiyyətlər var. Bu ziddiyyətlərin də kökündə siyasi qruplara başçılıq edən liderlərin ambisiyalarının bir-birinə zidd olması və o ambisiyalarının toqquşması ilə bağlıdır. Çünki bunlar bir-birinə heç nəyi güzəştə getmək istəmirlər. Yadıma bir atalar sözü düşür, deyir “utanmasan oynamağa nə var ki”. Bu illər ərzində müxalifət düşərgəsini təmsil edən partiyaların keçirdikləri heç bir aksiyaları baş tutmayıb. Səbəb də, xalq tərəfindən heç bir dəstəklərinin olmamasıdır. Bu baxımdan da, planlaşdırdıqları növbəti aksiyalar da iflalasla nəticələnəcək. Sadəcə olaraq, bu qüvvələr gündəmdə qalmaq üçün, adlarının hallandırılması üçün bu cür anormal hərəkətlərə əl atırlar. Demək olar ki, hər dəfə adları çəkilən qüvvələr mitinqlər keçirdikcə onlar daha da çox gözdən düşürlər. Belə olan halda yaxşı olar ki, onlar bu cür hərəkətlərindən əl çəksinlər”.

GÜLYANƏ