“Turizm Təşkilatı Azərbaycanda mərkəz açmaq niyyətindədir“

18 İyun 2019 16:00 (UTC+04:00)

BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasında 37 ölkədən və 5 beynəlxalq təşkilatdan rəsmi dövlət nümayəndəsi iştirak edib.SİA-nın məlumatına görə, iki gün ərzində “İrsimizi qoruyaq: sosial, mədəni və ekoloji davamlılıq” başlığı atlında keçirilən sessiyada “Turizm və davamlılıq”, “Yerli səviyyədə davamlılığın artırılması”, “Turizm və daxiletmə: sosial ölçü”, “Turizm və mədəni qoruma” mövzularında tematik müzakirələr aparılıb.

Bu gün Bakı Konqres Mərkəzində sessiyanın yekunlarına həsr edilən mətbuat konfransında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib ki, gələn qonaqları Azərbaycanın mədəni irsi ilə tanış etmək vacib idi: “Azərbaycana gələn qonaqlar çox məmnun qalıb. Bu gün axşam onları “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna aparacağıq”.

O, son illərdə Azərbaycanda turizmin inkişafı üçün atılan addımlar, ölkə xaricində aparılan təbliğat işləri, Azərbaycanın yeni turizm brendi, milli mədəni irsin qorunması üçün görülən tədbirlər barəsində məlumat verib.
Bildirilib ki, Azərbaycanın işğal olunmuş torpaqlarında mövcud olan mədəni irs nümunələrinin məhv edilməsini, beynəlxalq hüquq normalarının işğalçı Ermənistan tərəfindən kobudcasına pozulması faktını sessiya iştirakçılarının diqqətinə çatdırılıb.

Təşkilatının baş katibi Zurab Pololikaşvili təmsil etdiyi təşkilatın Azərbaycanda mərkəz açmaq niyyətində olduğunu söyləyib. İl ərzində dünyada 10 mərkəz açmağı planlaşdırdıqlarını nəzərə çatdırıb.