"Nəsimi Hələblə Bakını bir-birinə bağlayır"

18 İyun 2019 10:46 (UTC+04:00)

Suriyanın məşhur “əl-Adiyyat” jurnalının baş redaktoru Məhəmməd Qoca “Facebook” sosial şəbəkəsindəki səhifəsində Azərbaycan Respublikasında “Nəsimi ili” münasibətilə öz Bakı xatirələrini bölüşüb. SİA-nın məlumatına görə, alim Məhəmməd Qoca “Facebook” paylaşımında 2008-ci ildə Suriyanın Hələb şəhərində Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr edilmiş beynəlxalq elmi konfransda akademik Bəkir Nəbiyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti ilə görüşünü, həmçinin bir il sonra Bakıda keçirilmiş “Nəsimi konfransı”nda iştirakını məmnunluq hissi ilə xatırlayır.

O, qeyd edir ki, 2009-cu il dekabrın 13-də o, Hələb müftisi doktor Məhmud Ükkəmin, doktor Üssam Qəssabçının və şair, tədqiqatçı Məhəmməd Kamalın daxil olduğu nümayəndə heyətinin tərkibində Bakıya gəlib. Məhəmməd Qoca şəhərimizdə gəzib tanış olduqları tarixi məkanların, o cümlədən İçərişəhərin dar dalanlarının, tarixi abidələrinin, qəsrlərin, karvansaraların Hələbdəki məkanlara nə qədər bənzədiyini, hətta insanların üzlərinin belə hələbliləri xatırlatdığını, burada doğmalıq hiss etdiklərini qeyd edir. O, İmadəddin Nəsimini Hələblə Bakı arasında doğmalığın, bağlılığın səbəblərindən biri kimi göstərir.

Məhəmməd Qoca bildirir ki, Bakı şəhərində İmadəddin Nəsimini yada salan çox şey var: “Nəsimi” meydanı, metronun “Nəsimi” stansiyası, şəhərin inzibatı bölgüsündə ən böyük rayon isə “Nəsimi rayonu”dur.