Terror aktlarının videosunu yaydı həbs olundu

18 İyun 2019 09:16 (UTC+04:00)

Yeni Zelandiyanın Kraystçörç dairə məhkəməsi məscidləridə törədilən terror aktlarının videosunu yaydığına görə, 44 yaşlı Filip Arpsın 21 ay türmədə saxlanması barədə qərar qəbul edib. Bu barədə “The New Zealand Herald” qəzeti məlumat yayıb.

Məhkəmədə F.Arps özünü Kraystçörç məscidlərinə hücumla bağlı videoları yaymaqda və ona “öldürülənlərin sayı barədə sayğac və hədəf işarəsi qoymaqda” təqsirli bilib. Dairə məhkəməsinin hakimi Stiven O'Driskoll qeyd edib ki, terror aktının törədildiyi gün videoları yayan F.Arps “xüsusi qəddarlıq” nümayiş etdirib və bu, “müsəlman icmasına qarşı” cinayət zəminində törədilib. Real həbs cəzasının şərti cəza ilə əvəz edilməsindən dərhal imtina edən hakim, bu zaman hüquqpozma riskinin çox yüksək olacağını deyib.

Polisin məlumatına əsasən, Kraystçörç şəhərində yaşayan F.Arps Brenton Tarrant tərəfindən 2019-cu il martın 15-də məscidlərə hücumun videolarını sosial şəbəkələrdə yayıb. Ertəsi gün isə o həmin videoları onlara “öldürülənlərin sayı barədə sayğac və hədəf işarəsi qoyaraq” paylaşıb.

Xatırladaq ki, Kraystçörç məscidlərinə martın 15-də hücumun videoları Yeni Zelandiya hökuməti tərəfindən arzuedilməz elan edilib və elə həmin gün onların yayılması qadağan edilib.