Maliyyə Bazarlarına Nəzarət Palatasında Milli Qurtuluş Günü qeyd edilib

17 İyun 2019 16:00 (UTC+04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

MBNP-dən SİA-ya bildirilib ki, tədbirdə müstəqilliyimizin ilk illərində Azərbaycan dövlətinin və xalqının qarşılaşdığı çətinliklər barədə məlumat verilib, dövlətçiliyimizin yox olmaq təhlükəsi ilə üz-üzə qaldığı diqqətə çatdırılıb. Qeyd edilib ki, belə bir tarixi məqamda xalqımız israrla ulu öndər Heydər Əliyevi hakimiyyətə gəlməyə səsləyib və dahi lider ikinci dəfə 1993-cü il iyunun 15-də böyük risklərə baxmayaraq, xalqın səsinə cəsarətlə cavab verib, bununla da ölkədə tüğyan edən gərginlik və qarşıdurmalar səngiyib, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas olub. Məhz ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıtdığı həmin tarixi qayıdış xalqımız tərəfindən böyük sevinclə qarşılanıb və tariximizə Milli Qurtuluş Günü kimi yazılıb.

Bildirilib ki, rəhbərliyi dövründə ulu öndər Heydər Əliyev dövlətimizi zamanın ağır və sərt sınaqlarından çıxarıb, beynəlxalq aləmdə Azərbaycanın bərabərhüquqlu və müstəqil dövlət kimi tanıdılmasında əlindən gələni əsirgəməyib və ölkəmizin tərəqqisi naminə daim səylə çalışıb. Təsadüfi deyil ki, Azərbaycan xalqının ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz Ulu Öndərin adı ilə bağlıdır.

Ümummilli lider Heydər Əliyevlə başlayan milli qurtuluş ideologiyası və fəlsəfəsinin hazırda Prezident İlham Əliyevin simasında uğurla davam etdirildiyi və bu uğurun respublikamızın davamlı inkişafında özünü büruzə verdiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd olunub ki, hazırda ölkəmiz beynəlxalq münasibətlər çərçivəsində müstəqil və suveren dövlət kimi öz sözünü deməklə yanaşı, beynəlxalq təşkilatlar tərəfindən hazırlanan nüfuzlu reytinq və hesabatlarda iqtisadiyyatın müxtəlif sahələri üzrə ön sıralarda qərarlaşır.

Tədbirin sonunda Maliyyə Bazarlarına Nəzarət Palatasının sifarişi əsasında hazırlanmış ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı film nümayiş etdirilib.