Pompeodan Oman körfəzindəki böhranla bağlı yeni açıqlama

17 İyun 2019 02:12 (UTC+04:00)

ABŞ dövlət katibi Maykl Pompeo Vaşinqtonun Oman körfəzində iki tankerlə bağlı olayda İranın iştirakına şübhə etmədiyini bildirib.

SİA xəbər verir ki, M.Pompeo yerli telekanallardan birindəki çıxışında vurğulayıb ki, ABŞ bununla bağlı sübutları nümayiş etdirmək niyyətindədir.

Dövlət katibi qeyd edib ki, kəşfiyyatın əlində daha böyük həcmdə məlumatlar, sübutlar var və dünya onların böyük əksəriyyətini görəcək: "İran aydın başa düşməlidir ki, biz onun özünü belə aparmasına icazə verməmək üçün addımlar atmağa davam edəcəyik. Əminəm ki, ABŞ digər dövlətlərin də bu istiqamətdə fəaliyyət göstərməsinə nail olacaq. Prezident Donald Tramp birmənalı bəyan edib ki, İran nüvə silahına malik olmamalıdır. Bizim İrana münasibətdə kampaniyamızın məqsədi də budur. Vaşinqton həm də regionda naviqasiya azadlığını təmin etmək niyyətindədir".

Xatırladaq ki, iyunun 13-də səhər Oman körfəzində Yaponiyaya neft və metanol daşıyan iki tanker hücuma məruz qalıb. Tankerlərin heyətini evakuasiya etmək mümkün olub.