Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir

15 İyun 2019 18:32 (UTC+04:00)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Gələcəyə doğru” adlı məzun gecəsinin iştirakçılarına təbrik məktubu ünvanlayıb.

SİA xəbər verir ki, məktubda məzunların müstəqil həyata, öz taleyinizi müəyyən edəcək yeni və vacib bir mərhələyə qədəm qoyduğu vurğulanır.

Məktubda deyilir: “Müasir dünyada elm sürətlə inkişaf edir, hər gün mühüm bir yeniliyin şahidi oluruq. Bütün bunlar siz gənclər üçün böyük imkanlar yaradır. Müasir elmin yeniliklərini dərindən mənimsəmək günümüzün tələbidir. Fəal və cəsarətli olmaq, əldə etdiyiniz bilikləri daha da inkişaf etdirmək, müxtəlif sahələrdə yeni ideyaları ortaya qoyaraq onları reallaşdırmaq sizin əlinizdədir.

Seçəcəyiniz peşədən asılı olmayaraq, hər biriniz dövlətimizin müstəqilliyini, xalqımıza məxsus nəcib dəyərləri qorumalı, Azərbaycanın daha da inkişaf etməsinə və güclənməsinə çalışmalısınız. Əminəm ki, bu gündən etibarən verdiyiniz bütün qərarların, atdığınız hər bir addımın əsasını xoş niyyət, xeyirxahlıq və ədalət təşkil edəcəkdir”.

Qeyd olunur ki, təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir. Dövlət siyasətinin əsas prioritetlərindən biri kimi təhsilin inkişafına böyük vəsait yatırılmaqdadır. Əsas hədəfimiz savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir. Çünki parlaq gələcəyimizi qurmaq sizin üzərinizə düşəcəkdir.

Son illər ərzində ölkəmiz böyük inkişaf yolu keçdiyinin, qarşıda yeni hədəflər dayandığının vurğulandığı məktubda məzunlara müraciətdə deyilir: “Cənab Prezident İlham Əliyev inamlı addımlarla bizi daha gözəl bir gələcəyə doğru aparır və bu yolda sizin kimi parlaq, savadlı, cəsur və vətənpərvər gənclərə arxalanır. Gəlin birlikdə vətənimiz Azərbaycanın daha da çiçəklənməsi və qüdrətlənməsinə dəstək olaq”.

Birinci vitse-prezidenti Mehriban Əliyeva məzunlara sonrakı təhsildə və fəaliyyətdə yeni nailiyyətlər arzulayıb.