Mikayıl Cabbarov yenidən Azərbaycan Badminton Federasiyasının prezidenti seçilib

16 İyun 2019 00:43 (UTC+04:00)

Azərbaycan Badminton Federasiyasının (ABF) növbəti hesabat-seçki konfransı keçirilib.

SİA xəbər verir ki, konfransda Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Dəniyar Teymurlu, ABF-in prezidenti Mikayıl Cabbarov, federasiyanın rəsmi şəxsləri, idmançı və məşqçi heyəti iştirak edib.

Milli Qurtuluş Günü münasibətilə hər kəsi təbrik edən Ç. Hüseynzadə ötən 4 il ərzində ABF-in kifayət qədər tərəqqi etdiyini bildirib. MOK-un vitse-prezidenti xüsusilə badminton üzrə beynəlxalq turnirin Bakıda keçirilməsinin bu idman növünün gələcək inkişafı baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib. O, badmintonçumuz Ezmi Qovimuramadhoninin II Avropa Oyunlarında iştirakının artıq böyük nəticə olduğunu qeyd edib.

ABF-in prezidenti M. Cabbarov 4 il öncə ona göstərilən etimada görə Milli Olimpiya Komitəsi ilə Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib və ötən illər ərzində görülən işlər barədə məlumat verib. Federasiya rəhbəri Azərbaycan badminton ailəsinin bir üzvü kimi böyük fəxr hissi ilə qeyd edib ki, son 4 il ərzində dövlət başçısının dəstəyi ilə bu sahədə müəyyən irəliləyişə nail olunub. O, əldə olunan nəticələrdə, bu idman növünün ölkəmizdə populyarlaşmasında Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin rolunu xüsusilə vurğulayıb.

M. Cabbarov badmintonçularımızın beynəlxalq yarışlarda qazandığı medalları, "International Challenge" seriyalı turnirin Bakıda keçirilməsi, badmintonçumuz Ezmi Qovimuramadhoninin Minskdə keçiriləcək II Avropa Oyunlarına vəsiqə qazanması, bu idman növünün kütləviliyi istiqamətində atılan addımlar və əldə olunan nailiyyətləri son 4 ilin ən böyük və uğurlu nəticəsi kimi dəyərləndirib. Federasiya prezidenti, eyni zamanda, bu idman növünün ən mürəkkəb dövründə belə, sevdiyi peşəyə sadiqlik nümayiş etdirən məşqçi və idmançı heyətinə təşəkkür edib.
Konfransda ABF-in baş katibi Nəsimi Musayevin hesabatı dinlənilib.

Ardınca ABF-in prezidenti vəzifəsinə seçki keçirilib. Konfrans nümayəndələri Mikayıl Cabbarovu növbəti 4 il müddətinə ABF-in prezidenti vəzifəsinə seçiblər.

Hesabat-seçki konfransında keçirilən səsverməyə əsasən Mirzə Orucov, Emin Zeynalov, Balakişi Qasımov növbəti 4 il müddətində vitse-prezident, Nəsimi Musayev isə baş katib vəzifəsini icra edəcək.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Dəniyar Teymurlu nazir Azad Rəhimovun adından M. Cabbarovu yenidən ABF-in prezidenti vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Konfransın sonunda gündəlikdə duran cari məsələlər müzakirə olunub. İnteraktiv şəkildə keçirilən iclasda məşqçilərlə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Gələcək üçün hədəflər müəyyənləşdirilib.