"Neftçi" Avropa Liqasına hazırlığın Türkiyə mərhələsinə başlayıb

15 İyun 2019 12:06 (UTC+04:00)

"Neftçi" komandası təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə gedib. SİA-nın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "ağ-qaralar" iyulun 1-dək Topuk yaylası bölgəsindəki "Fenerbahçe Topuk Yaylası Resort and Sport" otelində məskunlaşacaq. Flaqman qonşu ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 20-də, 25-də və 30-da baş tutacaq.

Ayın 30-dakı rəqib Ukraynanın "Vorskla" (Poltava) klubu olacaq. Digər rəqiblər hələlik müəyyənləşməyib.

Qeyd edək ki, "Neftçi" xaricdə toplanışa başlayan ilk Azərbaycan klubu olub. "Ağ-qaralar" 2019/2020 mövsümündə də Avropa Liqasında mübarizə aparacaqlar. I təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək.

Qeyd edək ki, səfər öncəsi klub Rauf Əliyev, Voislav Stankoviç və yarım ildən sonra Cənubi Koreya "Dequ"sundan geri qayıdan Dario Frederikonu transfer edib.