Sudanda yeni hərbi çevriliş cəhdi baş verib

13 İyun 2019 04:51 (UTC+04:00)

Sudanda yeni hərbi çevriliş cəhdi baş verib.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli televiziya məlumat yayıb.

“ Keçid Hərbi Şuraya qarşı çevrilişin qarşısı alınıb, 68 hərbçi istintaqa cəlb olunub”, - deyə yerli televiziyanın yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, Sudanda Hərbi Şura 2019-cu ilin aprelində, uzun illər hakimiyyətdə olmuş Ömər əl-Bəşirin devrilməsindən sonra hakimiyyəti ələ alıb. Mayın ortalarında müxalifətlə Hərbi Şura arasında ölkənin 3 il ərzində hər iki tərəfin təmsilçilərinin yer aldığı Keçid Şurası tərəfindən idarə olunması barədə razılaşma əldə olunub. Ancaq tərəflər Keçid Şurasına kimin rəhbərlik edəcəyi ilə bağlı razılığa gələ bilməyiblər. Hərbi Şura ilə danışıqların başlamasından bir neçə həftə sonra, iyunun 3-də paytaxt Xartumda müxaliflərin çadır düşərgəsi dağıdılıb. Sudan Səhiyyə Nazirliyi toqquşmalarda 61 nəfərin öldüyünü açıqlayıb.

Müxalifət keçid Hərbi Şurasını dinc aksiyanı dağıtmaqda ittiham edib və xalqı bütün ölkədə kütləvi etirazlara səsləyib. Hərbçilər isə öz növbəsində, bəyan ediblər ki, əməliyyat nümayişçilərə qarşı deyil, etirazçıların sıralarına soxulmuş cinayətkarların tutulmasına yönəlib.