Həsən Ruhani: “Bəzi mövcud gərginliklər ABŞ-ın İran xalqına qarşı başlatdığı müharibənin nəticəsidir”

12 İyun 2019 23:09 (UTC+04:00)

Yaponiyanın baş naziri Şinzo Abe İranda iki günlük rəsmi səfərdədir.

SİA xəbər verir ki, səfər zamanı o, İran prezidenti Həsən Ruhani ilə görüşüb. Daha sonra hər iki ölkənin rəhbərləri birgə mətbuat konfransı keçiriblər.

H.Ruhani Ş.Abenin Tehrana səfərindən məmnunluğunu dilə gətirib və iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinin zəruriliyini vurğulayıb: "Yaponiya İrandan neft alışını davam etdirməyə və iki ölkə arasındakı maliyyə problemlərinin həllində maraqlıdır. Biz bunu alqışlayır və əlaqələrin inkişaf etdirilməsinə zəmanət veririk".

H.Ruhani deyib ki, görüşdə iki tərəfli əlaqələrin inkişaf etdirilməsi ilə yanaşı, bölgədə sabitlik və gərginliklərin azaldılması ilə bağlı da danışıqlar apardıq.
O, “Hərtərəfli Birgə Fəaliyyət Planı”nı dəstəkləməsinə görə Yaponiyaya təşəkkür edib: "Mən cənab baş nazirə dedim ki, biz bu sazişin icrasının davam etdirilməsində maraqlıyıq. İranın atacağı addımlar bu sazişin 36-cı maddəsinin tələbinə uyğun atılacaq. Mən bugünki müzakirələrdə təkidlə bildirdim ki, bəzi mövcud gərginliklər ABŞ-ın İran xalqına qarşı başlatdığı müharibənin nəticəsidir. Biz bölgədə ABŞ-la müharibəni başladan tərəf olmayacağıq, lakin əleyhimizə müharibə başlayarsa, qətiyyətli cavab verəcəyik. Bu müharibə nə zaman bitərsə, dünyada və bölgədə çoxlu müsbət dəyişikliklərin şahidi olacağıq".

Konfransda çıxış edən Yaponiya baş naziri İrana səfərindən məmnunluğunu dilə gətirib: "Hazırda Yaxın Şərqdə gərginliklər artmaqdadı və hərbi müharibələrin qarşısı alınmalıdır. Bölgədəki sabitlik dünya iqtisadiyyatının çiçəklənməsi üçün çox önəmlidir. Yaponiya bölgədə sülh və sabitlik arzulayır və bunun üçün var gücü ilə çalışır”.

O deyib ki, bölgədə sülh və sabitliyi yaratmaq üçün İran öz mühüm rolunu oynamalıdır: "İslam dini sülh və tolerantlıq dinidir. Həmişə islam dinindəki mənəviyyatı və orta yolu getməsini bəyənmişəm.

Yaponiyanın baş naziri İran və MAQATE arasında əlaqələrin mövcudluğundan məmnunluğunu dilə gətirib və islam respublikasının “Hərtərəfli Birgə Fəaliyyət Planı”nın icrasını davam etdirməsini istəyib.

Bu gün bölgədə sülhün bərqərar olması üçün ilk addımların atıldığını deyən Ş.Abe bildirib ki, H.Ruhani ilə regionda gərginlikləri necə azalda biləcəyimiz haqda fikir mübadiləsi apardıq: "Düşünürəm ki, qarşıdakı yol açıq və aydın üfüqdür. Səbr etməyə ehtiyac var".

Qeyd edək ki, bu səfər Yaponiya baş nazirinin İrana 40 ildən sonra ilk səfəridir. Bir çox ekspertlər Yaponiya baş nazirinin bu ölkəyə səfərini İranla ABŞ arasındakı gərginliyin azaldılmasında önəmli rol oynayacağını qeyd edirlər.
Ş.Abe ikigünlük səfəri çərçivəsində sabah İranın Ali lideri Ayətullah Xamenei ilə də görüşəcək.