YAP Qaradağ rayon təşkilatında toplantı keçirilib FOTOLAR

12 İyun 2019 16:59 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatında rayon təşkilatı Şurasının üzvləri və ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə toplantı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovun sədrliyi ilə cari ilin iyun ayının 8-də keçirilən Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsində qarşıya qoyulan vəzifələr və verilən tapşırıqların icrası ilə bağlı görüləcək işlər müzakirə olunub. Həmçinin rayon təşkilatının bu ilin ilk 5 ayında fəaliyyətinə dair hesabat dinlənilib.

Toplantıda çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov sözügedən müşavirədə verilən tapşırıqları bir daha diqqətə çatdıraraq bu vəzifələrin icra olunmasında rayon təşkilatının hər bir üzvünün fəallıq göstərməsinin vacibliyini vurğulayıb. O, daha sonra ölkımizdə həyata keçirilən uğurlu siyasət və onun nəticələri barədə danışıb. Bir neçə gündən sonra xalqımızın 15 iyun - Milli Qurtuluş Gününü qeyd edəcəyini xatırladan A.Hüseynov deyib ki, Azərbaycan dövlətinin xilası, xalqımızın müstəqllik arzularının həyata keçməsi məhz 15 iyundan başlayır: "Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqı böyük bəlalardan qurtuldu. Ulu Öndərin həyata keçirdiyi mühüm işlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu və dünyada tanınmağa başladı. Əgər həmin ağır dövrdə Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycan xalqının başına dəhşətli faciələr gələcəkdi. O vaxt

hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsizliyi nəticəsində Azərbaycanın müstəqilliyi təhdid altında idi. Lakin Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan üzləşdiyi böyük bəlalardan qurtuldu və dövlət quruculuğu istiqamətində əhəmiyyətli işlər həyata keçirilməyə başlandı. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri vəzifəsinə seçilməsi müasir tariximizdə dönüş nöqtəsi idi".

A.Hüseynov bildirib ki, Ulu Öndərin qayıdışından sonra siyasi sabitlik bərpa olunmaqla yanaşı, ölkə iqtisadiyyatı da inkişaf yoluna qədəm qoydu. Həmin dövrdə Ulu Öndər Azərbaycanın inkişaf perspektivlərini çox dəqiq şəkildə müəyyənləşdirdi. Heydər Əliyev ölkəmizin gələcəyinin, dövlətimizin inkişafının məhz iqtisadiyyatın inkişafından asılı olduğunu önə çəkirdi. Heydər Əliyev iqtisadiyyatı çox dərindən təhlil etməyi, proqnozlaşdırmağı və bütün potensialları işə salmağı bacarırdı.

A.Hüseynov əlavə edib ki, ümummilli lider Heydər Əliyevin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dövlət başçısının yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində dünyanın sayılıb-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib.

Yığıncaqda çıxış edən Şura üzvləri və ərazi ilk partiya təşkilatları rayon təşkilatının ötən dövrdəki fəaliyyətini yüksək qiymətləndiriblər. İlk partiya təşkilatların ötən dövrdəki fəaliyyətinə dair məlumatlar dinlənilib, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tapşırıq və tövsiyyələr verilib.