Ağaqardaş Qaraşov: "Meşə yanğınlarına görə sutkalıq növbətçilik təşkil edilib"

12 İyun 2019 15:46 (UTC+04:00)

Meşə yanğınlarının baş verməməsi və vaxtında qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən sutkalıq növbətçilik təşkil edilib, meşə mühafizə xidməti işçiləri zəruri texniki avadanlıqlarla təchiz olunub. SİA xəbər verir ki, bu sözləri nazirliyin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov iyunun 12-də keçirilən mətbuat konfransında deyib.

Departamentin direktoru bildirib ki, hər il dünyanın müxtəlif yerlərində minlərlə hektar meşə sahəsi yanır və yanğınların 90 faizdən çoxu kənar müdaxilələr, odla ehtiyatsız davranış nəticəsində baş verir.

Havaların isti və quraq keçməsini, habelə taxıl biçini mövsümünün yaxınlaşması ilə əlaqədar meşələrdə və meşə fondu ilə həmsərhəd ərazilərdə yanğınların başvermə təhlükəsini nəzərə alaraq əhalini, xüsusən də meşə sahələrinə yaxın kəndlərin sakinlərini yanğın təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq. Vətəndaşlara bir daha müraciət edirik ki, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqareti yerə atmasınlar, təbiətdə olarkən tonqalları söndürsünlər, fermerlər kövşənləri yandırmasınlar. Çünki cüzi ehtiyatsızlıq və məsuliyyətsizlik meşə yanğınlarına səbəb ola bilər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha hər kəsi təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə və meşələri qorumağa çağırır.