Xalqın xilas tarixi

12 İyun 2019 17:20 (UTC+04:00)

YAP Samux rayon təşkilatı 15 İyun Milli Qurtuluş Gününü qeyd edib

Dünən YAP Samux rayon təşkilatında 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş dəyirmi masa keçirilib. Dəyirmi masanı giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunundan 26 il keçdiyini xatırladaraq, bu illərin ölkəmizin və xalqımızın həyatında böyük dəyişikliklərlə yadda qaldığını vurğulayıb. G.Bayramov bildirib ki, Ulu Öndər Heydər Əliyev tarix baxımından, çox qısa müddətdə, milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail olub.

Tədbirdə YAP Samux rayon təşkilatının qadınlar şurasını sədri Kəmalə Xəlilova, rayon təşkilatının gənclər birliyinin sədri Qurban Həsənov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb, Milli Qurtuluş Gününü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri kimi qiymətləndiriblər. Bildiriblər ki, bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması və beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.

Dəyirmi masada çıxış edən partiya üzvlərindən Şəmistan Yusifov, Gülağa Hüseynov, Gəray Bayramov, Azər Əhmədov və digərləri 15 İyun Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin Vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışıb, Prezident İlham Əliyevin Ümummilli Liderin siyasi xəttini layiqincə davam etdirdiyini diqqətə çatdırıblar.

R.HÜSEYNOVA