Əli Orucov: “Bu mənəvi terrordur” RƏY-ÖZƏL

12 İyun 2019 17:13 (UTC+04:00)

“Elə rəmzlər var ki, onlar müqəddəs və toxunulmazdır”. Bunu SİA-ya açıqlamasında AMİP funksioneri Əli Orucov deyib. Onun sözlərinə görə, istər mənəvi, istər hüquqi baxımdan yanaşılsa dövlət atributlarına qarşı hansısa həqarət, aşağılamalar qadağandır: “Bu atributlar uğrunda şəhidlər vermişik, hər cür məşəqqətlərə və faciələrə sinə gərilib, xalqın, dövlətin varlığının ifadəsinə olub. Siyasi mübarizədə nə qədər radikallıq, barışmazlıq olsa da, dövlət rəmzlərimiz hədəf seçilməməlidir. Dövləti və xalqı təmsil edən ali dövlət rəhbəri təhqirlərə məruz qoyulmamalıdır. Təəssüflər olsun ki, belə xoşagəlməz hallara yol verilir. Halbuki insan şəxsiyyəti bütün mübarizələrin fövqündə dayanmalıdır. O da təəssüf doğurur ki, sosial şəbəkələrdə insanın şərəf və ləyaqətini alçaldan ən ağır söyüşlərdən belə çəkinmirlər. Bu özü mənəvi terrordur. Bu terrora son qoyulmalıdır”.

GÜLYANƏ