"İşğal altındakı Dağlıq Qarabağda maraqlı yerdəyişmələr olub" ÖZƏL-MÜNASİBƏT

12 İyun 2019 16:18 (UTC+04:00)

"İşğal altındakı Dağlıq Qarabağda maraqlı yerdəyişmələr olub". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, erməni separatçılarının lideri Bako Saakyan iyunun 11-də “Dağlıq Qarabağın Təhlükəsizlik Şurasının katibi” Vitaliy Balasardyanı və “fövqəladə halar naziri” Levon Mnatsakyanı vəzifələrindən azad edib: "Bako Saakyan başqa qərarı ilə Levon Mnatsakyanı “daxili işlər naziri” təyin edib. Bako Saakyanın “mətbuat katibi” David Babayan “prezidentin” qərarını sadəcə kadr yerdəyişmələri kimi izah edərək belə deyib: “Kadr dəyişikliklərinin siyasi səbəbi yoxdur”.

Səbəb var. Vitaliy Balasardyan 2020-ci ildə Dağlıq Qarabağda keçiriləcək “prezident seçkisinə” hazırlaşır. Ona görə də Bako Saakyan tərəfdarına “prezident” seçkisinə rahat hazırlaşmaq imkanı yaradıb. Ancaq Bako Saakyan son kadr yerdəyişməsi ilə Ermənistanın baş naziri Nikol Paşinyanın ona qarşı artan təzyiqini yumşaltmağı da planlaşdırıb. Çünki, Paşinyan ən çox Balasardyanın açıqlamalarından narazı idi. Paşinyanın son açıqlamasını xatırlayaq: “Dağlıq Qarabağı idarə edənlərlə görüşəndə mənə etiraz etmirlər, fikirlərimlə razılaşırlar, elə ki, İrəvana qayıdıram, əleyhimə təbliğat aparmağa başlayırlar, statuslar yazırlar”.

Paşinyan məhz Vitaliy Balasrdyanı nəzərdə tutur. Çünki separatçılardan Paşinyan əleyhinə ən çox Balasrdyan danışır və Ermənistanın baş nazirinin əleyhinə statuslar yazır. Ona görə də Paşinyan Bako Saakyana təzyiq edirdi ki, Balasardyanı ağla gətirsin. Saakyan da Balasardyanı “təhlükəsizlik şurasının katibi” vəzifəsindən uzaqlaşdırmaqla həm Paşinyanın təzyiqlərindən yaxa qurtardı, həm də Balasrdyana imkan yaratdı ki, “seçkiyə” hazırlaşsın.

Vitaliy Balasrdyan eks-prezident Robert Köçəryanın adamıdır, ona qulluq edir. Ona görə də Paşinyan Balasardyanın Dağlıq Qarabağdakı vəzifəsindən uzaqlaşdırılmasına nail olsa da, əslində bu rahatlığın ömrü uzun çəkməyəcək. Çünki böyük ehtimalla 2020-ci ildə Dağlıq Qarabağ separatçılarının başında yenə Köçəryanın adamı oturacaq, bu ya Balasardyan, ya da bir başqası olacaq.

Bako Saakyanın “mətbuat katibi” David Babayan “fövqəladə hallar naziri” Levon Mnatsakyanın vəzifəsindən uzaqlaşdırılmasını qəribə şəkildə izah edib: “Dağlıq Qarabağda seçki ərəfəsində vəziyyət gərginləşə bilər, ona görə də Levon Mnatsakya timsalında polisin güclənməsinə ehtiyac var”. Bu cümlədən çıxan nəticə budur ki, separatçıların təmsilçiləri seçki günü Dağlıq Qarabağı daxildən qarışdırmaq istəyənlərin olduğuna işarə vururlar. Azərbaycanın Dağlıq Qarabağı daxildən qarışdırmaq imkanı yoxdur, bunu edə biləcək qüvvə Ermənistandadır.

Levon Mnatsakyanın da Balasardyan kimi Paşinyandan və onun partiyasından xoşu gəlmir. Levon Mnatsakyan 2018-ci ilin dekabrına qədər Dağlıq Qarabağda “müdafiə naziri” idi. O Paşinyanın lideri olduğu “Mənim addımım” blokunun deputatı Sasun Mikaelyanın “Ermənistanda inqilab Qarabağ müharibəsindən daha vacib idi” sözlərinə sərt şəkildə etiraz etmişdi. Bu etiraz Paşinyanın ciddi narazılığına səbəb olmuş və o yenə Bako Saakyana barmaq silkələyərək “tərəfdarlarının danışıqlarına fikir ver” xəbərdarlığını göndərmişdi. Bako Saakyan o zaman Levon Mnatsakyanın vəzifəsini dəyişsə də, indi Paşinyanın acığına onu daha böyük “vəzifəyə” gətirdi.

Bako Saakyanın vəzifəsindən azad etdikləri içərisində “müşaviri” Artur Aqabekyan da var. O da Vitaliy Balasardyan kimi gələnilki “prezident seçkisinə” hazırlaşır. Ancaq Artur Aqabekyan özü “seçkiyə” qatılmayacaq, keçmiş “dövlət naziri” Arayir Arutunyanı dəstəkləyəcək. Dağlıq Qarabağın keçmiş “müdafiə naziri” Samvel Babayan da “seçkiyə” hazırlaşır. Ancaq Babayan Dağlıq Qarabağda son 10 ildə bölgədə yaşamayıb. “Dağlıq Qarabağ Konstitusiyasına” görə isə “seçkiyə” qatılan namizəd son 10 ildə bölgədə yaşamalıdır. Ona görə də Samvel Babayan ilkin mərhələdə separatçıların “Konstitusiyasından” həmin bəndin dəyişdirilməsinə çalışmalıdır".